Accessibility links

Hüquq müdafiəçiləri Anar Məmmədli ilə həmrəylik ifadə ediblər


İnsan Hüquqları Evi Fondu (HRHF) vətəndaş cəmiyyəti şəbəkəsinə üzv olan hüquq müdafiəçiləri Norveç parlamenti qarşısında Azərbaycan və Belarusda həbsdə olunan həmkarları ilə həmrəylik ifadə ediblər.

Azərbaycandan HRHF şəbəkəsinə üzv olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin direktoru Anar Məmmədli aprel ayından həbsdədir.

İnsan Hüquqları Evi Fondu hesab edir ki, Məmmədlinin həbsi onun seçki müşahidəsi və insan haqları sahəsində müstəqil və qanuni fəaliyyətinə görə birbaşa repressiya kimi başa düşülməlidir.

ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında ötən həftə baş tutan müzakirələrdə HRHF nümayəndəsi Deyv Elseroad Azərbaycan hakimiyyətinin son bir il ərzində vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı “amansız repressiyalarını” gücləndirdiyini deyib və Anar Məmmədlinin həbsini davam edən repressiyaların açıq-aşkar nümunəsi adlandırıb.

HRHF həmçinin BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyasında Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin azad edilməsinə və təqiblərə son qoyulmasına çağırıb.

BMT Baş katibinin insan hüquqları üzrə köməkçisi İlze Brand Kehrisin iştirakı ilə keçirilən müzakirələrdə çıxış edən HRHF nümayəndəsi Metyu Cons qeyd edib ki, Anar Məmmədli legitim insan hüquqları fəaliyyətinə görə əsassız yerə həbs edilib.

“Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxt Anar Məmmədlinin həbsi bu mühüm qlobal tədbirdə iştirak edən həm yerli, həm də beynəlxalq vətəndaş cəmiyyəti subyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıq doğurur”, Metyu Cons deyib.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.

Anar Məmmədli bundan əvvəl 2013-cü ildə həbs edilib, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda günahlandırılaraq 5 il 6 ay müddətinə məhkum edilib. O, 2016-cı ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədlinin və 2013-14-cü illərdə həbs edilən digər tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, jurnalist və fəalların işləri ilə bağlı (Məmmədli qrupu işləri) qərarlarında hökumətin öz tənqidçilərini susdurmaq üçün cinayət qanunvericiliyindən sui-istifadə etdiyini vurğulayıb.

Azərbaycanl rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG