Israil Hizbullah yaraqlılarına qarşı hücumlar başlanandan bəri Livana qarşı tətbiq etdiyi 2 aylıq blokadanı qaldırmağa başlayıb. İsrailin xarici işlər nazirliyi blokadaya bu gün axşam son qoyulacağını deyib.
Livanın milli hava yolları şirkəti Middle East Airlines-ın paytaxt üzərində dövrə vuran təyyarəsi İsrail bu bəyanatı verdikdən sonra yerə enib. Təyyarə şassini endirdiyi vaxt pilot kabinəsinin pəncərəsindən Livan bayrağı çıxarılıb.
İsrail tərəfi blokadanın mərhələlərlə qaldırılacağını deyib. Qurunun blokadası başa çatıb, amma dəniz blokadası beynəlxalq sülhməramlı qüvvələr Livan sahillərində tam yerləşənədək davam edəcək.
Bu gün Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Livan suları üzərində patrul nəzarəti mexanizmini müzakirə etmək üçün Beyruta gəlib.
Israil Suriyadan Livana daxil olan silah karvanlarına hücum etmək haqqını qoruyub saxladığını deyib.