Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı 2006-cı il üçün dünyada demokratiyanın və insan haqlarının vəziyyətilə bağlı hesabatını açıqlayıb. Bir il əvvəl olduğu kimi bu sənəddə də Azərbaycanın adı "qeyri-azad ölkələr" sırasında çəkilib. "Azərbaycan vətəndaşları öz hökumətlərini demokratik yolla dəyişə bilmirlər"- deyə sənəddə qeyd olunur.
Beynəlxalq müşahidəçilər belə hesab edir ki, 1993-cü, 1998-ci və 2003-cü ilin prezident, habelə 1995-ci və 2000-ci il parlament seçkiləri azad və ədalətli olmayıb. 2005-ci iln parlament seçkiləri də ciddi qanun pozuntuları və hüquq və azadlıqların kobud şəkildə pozulması ilə müşayiət edilib.
Təşkilat bildirir ki, korrupsiya bütün sahələrə nüfuz edib. « Hüquq və qanunverici orqanların icra hakimiyyətindən asılı olması korrupsiyaya şərait yaradan mühit formalaşdırır. Korrupsiyanın səviyyəsinə görə Azərbaycan 159 ölkə arasında 137-ci yeri tutur». «Konstitusiya söz və mətbuat azadlığını təmin etsə də hakimiyyət mətbuata təzyiq edə bilmək üçün çoxsaylı vasitələrə malikdir. Jurnalistlər təqiblərin və hətta ölüm hədələrinin hədəfinə çevrilirlər. Milli tezliklərdə yayımlanan dörd özəl kanal hakim rejimlə əlaqəlidir. Müstəqil və müxalifət qəzetləri aşağı tiraj, reklam çatışmazlığı, ağır məhkəmə cərimələri və ya əməkdaşlarının həbsi şəratində maliyyə baxımından yaşamaq uğrunda mübarizə aparırlar»-deyə hesabatda qeyd olunur.
Təşkilat bildirir ki, hakimiyyət ümumiyyətlə və xüsusilə siyasi partiyalar üçün sərbəst toplaşmaq azadlığını daim pozur. «Ölkədə mövcud olan həmkarlar ittifaqları hakimiyyətlə sıx əlaqələrə malikdir və ondan aslıdır. Hüquqi sistem korrupsiyaya uğrayıb, səmərəsizdir və icra hakimiyyətinə xidmət göstərir. İnzibati həbslər və müxaliftəçilərin saxlanılması adi hala çevrilib. Polis lazımi ifadələri ala bilmək üçün saxlanılanlara qarşı işgəncə tətbiq edir». Hesabatda ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsinin yalnız öz maraqlarını güdən korrupsiyaya uğramış elitanın əlində olduğu deyilir.