Accessibility links

Məşhurlar: Müğənni Adel mədəniyyət sahəsində 2012-ci ilin ən nüfuzlu adamı elan edilib


2012-ci il Adel üçün çox uğurlu bir il olub. Associated Press britaniyalı müğənnini əyləncə və mədəniyyət sahəsində 2012-ci ilin ən nüfuzlu insanı elan edib.

Müğənni bu il nə qastrol səfərlərinə çıxıb, nə ətir reklam edib, nə də albom buraxıb, amma buna baxmayaraq o, altı Grammy mükafatının qalibi olub, dünyaya bir övlad gətirib, Ceyms Bond seriyasından “Skyfall” adlı yeni filmə yazılmış musiqinin müəlliflərindən biri olub, dünyada ən bahalı ifaçılardan biri və ötən on ildə Birləşmiş Ştatlarda iki ildən az müddətdə bir alboma görə “brilyant” sertifikat alan yeganə müğənni olub. Aydınlıq gətirək ki, “brilyant” sertifikat on milyon disk satılışı deməkdir.

Bir də ki müğənninin “Skyfall” filmi üçün yazdığı mahnı Ceyms Bond rolunu ifa edən aktyor Daniel Kreyqi ağlamağa vadar edib. Əlbəttə, yaxşı mənada. Amma deyəsən bu mahnıya tək Daniel Kreyq heyran olmayıb. Belə ki, bu mahnı 2013-cü il Qızıl Qlobus mükafatı mərasiminə də çıxarılacaq.

Yenicə dünyaya gəlmiş oğlunun adını indiyə kimi açıqlamayan müğənni sözsüz ki, əldə etdiyi uğurlarla qürur duyur. Yeni İldə Adelə uğurlar arzulayırıq!
XS
SM
MD
LG