Accessibility links

Vəkil: Nazim Ağabəyov özünü təqsirli bilmir


Vəkil Adil İsmayılov
Vəkil Adil İsmayılov

Vəkil Adil İsmayılov Nazim Ağabəyovun həbsi ilə bağlı Facebook səhifəsində məlumat yayıb. Nazim Ağabəyov Meydan TV internet portalının rəhbəri Emin Millinin qaynıdır.

Vəkil son günlər müxtəlif KİV-lərdə Nazim Ağabəyovun həbsi ilə əlaqədar yayılan və bəzən həqiqətə uyğun olmayan məlumatlarla bağlı aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edir:

“Ağabəyov Nazimin hüquqlarını müdafiə etmək üçün 27 iyul 2015-ci ildə onun atası ilə müqavilə bağlamışıq. Məlum olmuşdur ki, Nazim Ağabəyov 23 iyul 2015-ci ildə evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən "Bol market" ticarət mərkəziin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsiinə gətirilib. Burada onun üzərinə və maşınına baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülüb. Həmin gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) ilə cinayət işi başlanaraq istintaqın aparılması müstəntiq Əflatun Səlimova həvalə edilib, Nazim Ağabəyov şübhə edilən şəxs qismində saxlanılıb.

24 iyulda Ağabəyova 234.4.3-cü maddə ilə ittiham elan edilib, Xətai rayon Məhkəməsinin

(hakim İbrahim İbrahimli) qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, saxlanılması üçün Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib.

29 iyulda mən təcridxanada Nazim Ağabəyovla görüşmüşəm, o özünü təqsirli bilmədiyini, narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını, həbsinin bir anlaşılmazlıq olmasını deyib, təcridxanadakı saxlama şəraitindən şikayəti olmadığını bildirib. Həbsdən verdiyim apellyasiya şikayətinə 29 iyulda Bakı Apellyasiya Məhkəməsində (sədrlik edən İlqar Murğuzov) baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Nazim Ağabəyov da, onun valideynləri və həyat yoldaşı da həbsi bir anlaşılmazlığın nəticəsi hesab etməklə, ədalətin qısa zamanda bərpa ediləcəyinə ümid edirlər və bu məqsədlə respublika prezidentinə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. Hazırda istintaq davam etdiyi üçün qeyd olunanları kifayət hesab edirəm, zərurət yaranarsa istintaqın gedişi barədə əlavə məlumat verəcəm”, vəkil qeyd edir.

Xatırladaq ki, Nazim Ağabəyovun qayını Emin Milli bir neçə il öncə Almaniyaya mühacirətə gedib. Emin Milli Almaniyada “Meydan TV” internet portalını yaradıb. O qaynının Meydan TV-də gedən tənqidi yazılara görə həbs edildiyini bildirib.

Rəsmi dairələr Nazim Ağabəyovun həbsinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG