Accessibility links

Əli Kərimli: Yanukoviçin taleyi Azərbaycan üçün önəmlidir [Video-müsahibə]


Əli Kərimli: Yanukovoçin taleyi Azərbaycan üçün önəmlidir
please wait

No media source currently available

0:00 0:07:19 0:00

Əli Kərimli: Yanukovoçin taleyi Azərbaycan üçün önəmlidir

AXCP sədrinin Amerikanın Səsinə müsahibəsi

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində Ukrayna böhranının Azərbaycana və regiona təsirlərindən danışıb.

Sual: Ukraynada baş verənlərin Azərbaycana və regiona hansı təsirləri olacaq?

Cavab: Ukraynada baş verən hadisələr çox mühüm hadisələrdir. Bu hadisələr bir daha təsdiq etdi ki, xalqların istək və arzularını nəzərə almayan avtoritar rejimlərin perspektivi yoxdur. Ərəb inqilabları baş verəndə Azərbaycan hökumətinin ideoloqları təbliğata başlamışdılar ki, biz MDB məkanındayıq, bu inqilabların regiona aidiyyəti yoxdur. İndi baş verənlər Azərbaycanın birbaşa çox sıx əlaqədə olduğu MDB məkanında, GUAM-ın daxilində baş verir. Ona görə Azərbaycana çox mühüm təsiri var. Eyni zamanda Ukrayna cəmiyyətinin qarşısında duran çağırışlar Azərbaycan üçün də aktualdır. Ukrayna xalqı kimi Azərbaycan xalqı da özünün ciddi strateji seçimini etməlidir. Azərbaycan xalqının da, Azərbaycanın demokratik qüvvələrinin də böyük əksəriyyəti məhz Avropa Birliyi ilə inteqrasiya xəttini seçmək istəyir. Azərbaycan hökuməti isə istəyir ki, Rusiyanın təklif etdiyi gömrük ittifaqı və Avropa Birliyinə inteqrasiya prosesi arasında manevr edərək

Azərbaycanı bütün proseslərdən kənarda saxlayaraq zorakı üsullarla hakimiyyətini sonsuzluğa qədər uzatsın. Bu yaxınlarda İlham Əliyev də açıq dedi ki, Avropa Birliyi ilə assosiativ saziş imzalamaq istəmir. Azərbaycan xalqı, Azərbaycan müxalifəti isə istəyir. Ona görə bizim üçün ikiqat önəmlidir ki, assosiasiya sazişini imzalamaq istəməyən Yanukoviçin taleyi xalqın təzyiqi ilə bu şəkildə həll olundu. Ona görə hesab edirəm ki, baş verənlər Azərbaycan üçün çox önəmlidir, Azərbaycan xalqını çox ruhlandırır, xalqın dəstəklədiyi Avroatlantik məkana inteqrasiyanı bir qədər də aktuallaşdırır və yəqin ki, xalqın özünə inamının artmasına da təsirini göstərir.

Sual: Gəlin etiraf edək ki, Gürcüstanda, Ukraynada baş verən hadisələr, ümumiyyətlə ərəb inqilabları fonunda Azərbaycan ictimaiyyəti, xüsusilə də müxalifət müəyyən hadisələrin baş verəcəyini bildirirdi. Amma bunlar baş vermədi. Əksinə iqtidarın hakimiyyəti daha da möhkəmlənməkdə davam etdi. Səbəb nədir?

Cavab: Bu inqilablar olanda demişik ki, Azərbaycanda da olacaq. Amma deməmişik ki, nə vaxt olacaq. Nə vaxtsa demişik, bu yaz, bu payız, gələn il Azərbaycanda belə bir dəyişiklik olacaq? Deməmişik. Çünki Azərbaycanın da inkişafının özünəməxsusluqları var. Bu bir az uzun söhbətin mövzusudur ki, niyə 80-ci, 90-cı illərdə həddindən artıq aktiv olan Azərbaycan xalqı indi o qədər də enerjili və həvəsli görünmür. Fakt odur ki, baş verən inqilabların hər biri, Gürcüstanda da, Ukraynada da, Qırğızıstanda da, ərəb dünyasında da, bunların hər biri Azərbaycan xalqının daha demokratik seçim üçün hazırlaşmasına təkan verir. Azərbaycan hökuməti də qətiyyən güclənib-eləmir. Kim deyir ki, Azərbaycan hökuməti güclənir. Azərbaycan hökuməti güclənsə idi, ATƏT niyə ötən ilki seçkilərdə 57-58 faiz məntəqələrdə seçkilərin saxtalaşdırıldığını bəyan edirdi? İndiyədək hansı seçkilərdə bu qədər total saxtakarlıq olmuşdu? Deməli Azərbaycan hökuməti siyasi mənada güclənmir. Ola bilsin ki, pulu artır, silahlı dəstələri artır, özündən razılığı, yekəxanalığı artır. Amma, Azərbaycan hökumətinə xalqın dəstəyi gün-gündən azalır. Azərbaycan müxalifətinin sosial bazası böyüyür.

Bunadək siyasətə qoşulmayan gənclik, internet yeni bir qüvvə kimi prosesə qatılıb. Ona görə də zaman etibarı ilə Azərbaycanda müxalifətin, hökumətdən narazı olanların xeyrinə dəyişir. Zaman keçdikcə hökumət olan-qalan sosial dayaqlarını da itirir. Azərbaycanda bu dəyişiklik labüd olacaq, amma bunun konkret nə zaman olacağını deyə bilmərik. Amma bu labüddür. Çox paradoksal bir məsələ var. Bu inqilablar baş verəndə hər bir dövlət başçısı hesab edir ki, bunun ona dəxli yoxdur. Bu ümumi qanunauyğunluq deyil, sanki hansısa digər bir prezidentin səhvinin nəticəsində baş verib. Anlamırlar bu qanunauyğunluğu. Amma o qanunauyğunluqları başa düşən adamlar bilirlər ki, Azərbaycan bu demokratikləşmə dalğasından kənarda qala bilməz. Bizim regionda baş verən pozitiv dəyişikliklər Azərbaycan xalqını bu dəyişikliyə yaxınlaşdırır.

Sual: Amma Ukrayna və Gürcüstana münasibətdə qərbin mövqeyində Azərbaycana qarşı bir dəyişiklik müşahidə edilmir. Yəni yenə də iqtidarla daha çox əməkdaşlıq edilir, nəinki müxalifətlə.

Cavab: Bu daha çox 2003-2005-ci illərdəki xalq hərəkatları dövrünə aiddir. O zaman Azərbaycan müxalifəti ciddi təşkilatlanaraq mütəşəkkil bir qüvvə kimi meydanlara çıxdı və çox təəssüf ki, o zaman qərb dairələri ayaqda olan Azərbaycan xalqını görməməzliyə vurdu. Hətta Azərbaycan hökumətinə, İlham Əliyevin hakimiyyəti zəbt etməsinə müəyyən mənada xeyir-dua da verdilər. İndi situasiya dəyişib. Biz bunun fərqindəyik ki, Azərbaycan hökuməti hazırda az qala bütün tərəflərlə vuruşur. Buna açıq-aşkar bir söz deyən yoxdur. Amma siz Azərbaycan hökumətinin ruporlarına baxın? Azərbaycan hökumətinin təbliğatını aparan televiziyalara, qəzetlərə, saytlara baxın?

Görəcəksiniz ki, ABŞ-da Azərbaycan hökuməti üçün hədəfdir, ciddi bir qarşıdurmadan söhbət gedir. Avropa Birliyinə qarşı da eyni münasibət var. Nə qədər parodoksal olsa da paralel olaraq qonşu ölkələrə də münasibət sağlam
deyil. Nə İran, nə Rusiya, nə də Türkiyə ilə münasibətlər sağlam deyil.

Azərbaycan hökuməti bu gün hələlik ona görə ayaqda qala bilib ki, bu zorakılığı davam etdirə bilir ki, bunu etiraf edək ki, Azərbaycan xalqı hələlik hamılıqla azad olmaq, ayağa qalxmaq qərarını verməyib. Bu qərar veriləcək. Amma bu gün bu qərar verilmədiyinə görə hökumət bundan istifadə edib oğurluğunu, məsuliyyətsiz siyasətini davam etdirir. Azərbaycan xalqı hələ 80-ci illərin sonlarında, 90-cı illərdəki mübarizədən bəlkə bir az yorulub, xəyal qırıqlığına uğrayıb. Ola bilsin ki, ən müxtəlif səbəblərdən növbəti bir mərhələ üçün hələ tam formaya gəlib düşməyib. Bundan istifadə edirlər. Mən əminliklə deyirəm ki, xalqda artan bu narazılıq mütləq ciddi etirazlara səbəb olacaq, Azərbaycan hökuməti çətinlik məqamına gəlib çatacaq və o zaman məlum olacaq ki, Azərbaycan hökumətinin az qala bütün dünya ilə oyun oynaması, qarşıdurma ritorikası seçməsi, Azərbaycanı proqressiv inteqrasiyadan məhrum etməsi ona da baha başa gələcək. İnanıram ki, Azərbaycanda ciddi bir xalq etirazı olsa nə Avropa Birliyinin, nə ABŞ-ın münasibəti 2003-2005-ci illərdəki kimi olmaz. Zaman dəyişib, Azərbaycana da münasibət dəyişib. Biz onu hiss edəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG