Accessibility links

Tehran Apellyasiya Məhkəməsi Əlirza Fərşinin həbs və məhrumiyyət hökmünü qüvvədə saxlayıb


Əlirza Fərşi

Tehran məhkəməsi türk dil haqları fəalı Əlirza Fərşinin apellyasiya şikayətini rədd edərək, daha əvvəl çıxarılan 4 il 2 ay həbs və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzasını qüvvədə saxlayıb. Fərşi hazırda Tehran həbsxanasında başqa bir dosye ilə əlaqədar məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir.

Tehran İnqilab Məhkəməsi keçən mart ayında siyasi fəalı 4 il və 2 ay daha həbsə məhkum etdi. Məhkəmə Fərşiyə qarşı əlavə olaraq, 2 il qeyri-hökümət təşkilatlara üzv olmaqdan məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay məcburi əmək cəzası çıxardı.

Tehran vilayəti apellyasiya məhkəməsinin 36-cı şöbəsi ilkin məhkəmənin hökmünü eynən qüvvədə saxlayıb.

Tehran məhkəməsinin qərarı bir neçə gün öncə Əlirza Fərşiyə açıqlanıb. O, bazar günü may ayının 23-də öz yaxınları ilə telefon danışığında bu barədə məlumat verib.

Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qərara əsasən, “Əlirza Fərşi “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olma” ittihamı ilə əlaqədar 3 il və 6 ay, “nizama qarşı təbliğat” ittihamından isə 8 ay həbs cəzası alıb. Həmçinin Fərşinin ‘məhkumluq keçmişi’ diqqətə alınaraq, dəstələr, cəmiyyətlər və qruplara üzv olmaqdan 2 il məhrumiyyət, habelə Tehran Bələdiyyəsində hər gün 4 saat olmaqla, 2 ay məcburi əmək cəzası da hökmə əlavə edilib.”

Əlirza Fərşinn rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərə türkcə kitablar hədiyyə edirdi. Fərşi həmin vəqfin fəaliyyətlərinin ona qarşı çıxarılan hökmdə dəlil hesab edildiyini bildirib.

Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O hazırda Tehran həbsxanasında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir.

Şərhlərə bax

XS
SM
MD
LG