Accessibility links

Deyirlər qılıncsan, kəsibsən yarı, Bölübsən ikiyə bizim diyarı...


Araz çayı
Araz çayı

25 il bundan öncə 1989-cu il, dekabrın 31-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası və İran arasında sərhədi açılmışdı. Həmin gün ilk dəfə olaraq Azərbaycan Respublikası və İran Azərbaycanı arasında Araz çayı boyu hər iki tərəfdə insanlar bir-biri ilə təmas yarada bilmişdi.

Amma o tarixdən də xeyli əvvəl Azərbaycan ziyalıları iki bölünmüş millətin keçirdiyi hisslərə öz yaradıcılıqlarında xüsusi diqqət verirdilər. Bu ziyalılar sırasında Azərbaycanın görkəmli tarixçisi, 2014-cü ildə dünyasını dəyişmiş Süleyman Əliyarlı var idi.

Professor Süleyman Əliyarlı Azərbaycan Respublikasının Beyləqan rayonunun Araz çayı sahilində yerləşən Şahsevən kəndində anadan olub.

1954-cü ildə Moskva Dövlət universitetinin bitirmiş Süleyman Əliyarlı Azərbaycan tarixinin ən qədim çağlardan başlayaraq, müasir dövrədək konseptual məsələlərini tədqiq edib. O, sovet dönəmində Azərbaycan xalqının türk etnosu əsasında təşəkkül tapdığını irəli sürən nadir tarixçilərdən biri olub.

Tarixçi alim 60-cı illərdə Azərbaycanın Rusiyanın tərkibinə könüllü deyil, məcburi birləşdirildiyini dediyinə görə sovet təhlükəsizlik orqanları tərəfindən təqiblərə məruz qalmışdı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixçi-alim, mərhum professor Süleyman Əliyarlının 1958-ci ildə yazdığı Araz şeirini təqdim edirik.


ARAZ

Deyirlər qılıncsan, kəsibsən yarı,

Bölübsən ikiyə bizim diyarı.

Çox deyib-danlayıb qələm dostları

Sənin bu halını nədən, ay Araz!

Sənsə hey axırsan sakit, biganə,

Lalsan deyilənə, deyilməyənə,

Yalnız insanların saf əməlinə

Məlhəm çiləyirsən hər qış, yay, Araz!

Bu dogma torpağın yaşın görürəm

Mən sənə baxdıqca gözlərimdə qəm;

Vətənin bu günü səninlə həmdəm,

Hər qətrən keçmişdən bir haray, Araz!

Anam sahilində ağlayır hərdən

İtkin yavrusunu, tələsməyirsən,

Sonra göz yaşını alıb da həmən

Ümmana tökürsən layba-lay, Araz!

Bəlkə də bu səbəbdən duzludur dəniz?

Büllur sularında qalmasa da iz,

Bilirəm, daşıyıb o saf, o təmiz

Çöhrən neçə al qan, ahla-vay, Araz!

Bəxtinin hikməti yaddır göylərə!

Günəş, alov olub yağanda yerə,

O tayda, bu tayda töyşüyənlərə

Verirsən döşündən sərin pay, Araz!

Yağvələnd yanında uzanıb bihal,

Baxıram, köksümdə közərir tonqal.

Sarır düşüncəmi bir haqlı sual:

Səndəki qeyrətə hanı tay, Araz!

Süleyman Əliyarlı, Mart 1958

XS
SM
MD
LG