Accessibility links

ATƏT-in Parlament Assambleyasında Azərbaycan müzakirələri


ATƏT Parlament Assambleyasında müzakirə (Foto Rəsul Cəfərovun Facebook səhifəsindən götürülüb)
ATƏT Parlament Assambleyasında müzakirə (Foto Rəsul Cəfərovun Facebook səhifəsindən götürülüb)

Hüquq müdafiəçiləri ölkədə insan hüquqlarının durumu, siyasi məhbuslarla bağlı məlumat verib

Fevralın 14-də Vyanada ATƏT-in Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı müzakirələr olub.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə bildirib ki, iclasda çıxış edən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsini pisləyib və onun həbsdən azad edilməsinin vacibliyini diqqətə çatdırıb.

Hacılı Azərbaycanda insan haqlarının vəziyyəti, SMDT-nin rəhbəri Anar Məmmədli, REAL Hərəkatının sədri İlqar Məmmədov, NİDA Vətəndaş Hərəkatının fəalları və digər həbsdə olan siyasi məhbuslar, jurnalistlər barədə məlumat verib.

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova çıxışında deyib ki, Avropa Şurası Parlament Assambleyası (ASPA) 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbusların olmadığını təsdiq edib.

Bununla belə Aslanova bu ilin iyununda Bakıda keçiriləcək ATƏT-in Parlament Assambleyasının illik sessiyası barədə də danışıb.

“Siz iyunda Bakıya gələndə tolerantlıq, demokratiya, insan haqlarına hörmət, Qərbə inteqrasiyaya əzmli olduğumuzu görəcəksiniz”, o plenar iclas iştirakçılarına müraciət edib.
XS
SM
MD
LG