Accessibility links

Avropa İttifaqı Azərbaycanla saziş haqda Amerikanın Səsinin suallarını cavablandırdı


Avropa İttifaqının mətbuat katibi Adam Kaznovski Aİ ilə Azərbaycan arasında müzakirə olunan saziş barədə Amerikanın Səsinin suallarını cavablandırıb.

Amerikanın Səsi: Bağlanacaq sazişin mətni ilə bağlı suallar dolaşır. Niyə Avropa İttifaqı sazişin ilkin layihəsini ictimaiyyətə açıqlamayıb? Danışıqlar niyə Azərbaycan ictimaiyyətindən gizli saxlanılır?

Adam Kaznovski: Avropa İttifaqı sazişi ittifaqa 28 üzv dövlətlin üzərində razılaşdığı mandat əsasında aparır və mütəmadi olaraq Şuraya və Avropa Parlamentinə danışıqların gedişatı haqda raport verir. Saziş yekunlaşdıqdan sonra Avropa Parlamenti ilə məsləhətləşmə aparılacaq və razılaşdırılmış mətn Avropa İttifaqının bütün sazişlərinin dərc olunduğu Rəsmi Jurnalda dərc ediləcək. Azərbaycan tərəfinə gəldikdə isə bu danışıqları onlar öz qanunvericiliklərinə uyğun qaydada apara bilərlər.

Amerikanın Səsi: Sazişin ilkin layihəsi nə vaxt şəffaf olacaq və ictimai debata açıq olacaq?

Adam Kaznovski: İlkin layihənin mətni mütəmadi qaydada Aİ üzv dövlətlərinə göndərilir və onlarla danışıqların hər mərhələsində məsləhətləşilir. Qəbuldan öncə sazişin mətni üzərində həmçinin Avropa Parlamenti ilə məsləhətləşmə aparılacaq.

Adam Kaznovski, Aİ mətbuat katibi
Adam Kaznovski, Aİ mətbuat katibi

Amerikanın Səsi: Aİ ilə Azərbaycan arasında bağlanılacaq saziş qonşu Gürcüstan və Ermənistanla olan sazişlərdən necə fərqlənir?

Adam Kaznovski: Hər sazişin öz dinamikası var. Gürcüstanla olan saziş Assosiasiya Sazişidir ki, burada azad ticarət komponenti (Dərin və Hərtərəfli Azad Ticarət Zonası) var. Ermənistanla və Azərbaycanla olan sazişlər isə Assosiasiya Sazişləri deyil və orada azad ticarət komponenti yoxdur.

Amerikanın Səsi: Vətəndaş cəmiyyəti fəalları və müxalifət liderləri tez-tez İlham Əliyev hökumətini siyasi məhbuslardan beynəlxalq qurumlarla danışıqlarda sövdələşmə predmeti kimi istifadə etməkdə ittiham edir. Siyasi məhbuslar Aİ və Azərbaycan arasında danışıqların predmeti olubmu?

Adam Kaznovski: Aİ məhbuslarla bağlı ‘sövdələşmə’ aparmır. Azərbaycan Prezidenti tərəfindən 400 adama, o cümlədən siyasi partiya üzvlərinə, QHT nümayəndələrinə, blogerlərə və jurnalistlərə Novruz bayramı münasibətilə əfv verilməsi xoş qarşılanan addımdır. Biz gələcəkdə beynəlxalq öhdəliklərə uyğun olaraq belə oxşar addımların atılmasını, o cümlədən öz fundamental hüquqlarını icra etmək nəticəsində həbs olunan digər şəxslərin məsələsinin nəzərdən keçirilməsini gözləyirik. Aİ-nın belə məsələlərdə prinsipial mövqeyi yaxşı məlumdur və dəfələrə Azərbaycan rəhbərliyi ilə görüşlərdə səsləndirilib. Buna nümunə olaraq fevral ayında ədalət, azadlıq, təhlükəsizlik və insan haqları ilə bağlı ən son məsləhətləşmələri və Aİ-Azərbaycan Əməkdaşlıq Şurasındakı məsləhətləşmələri göstərmək olar.

Amerikanın Səsi: Prezident Əliyevin mart ayında imzaladığı və beynəlxalq hüquq təşkilatlarının siyasi məhbus hesab etdikləri bir sıra adamların azadlığa buraxılmasını özündə ehtiva edən əfvin Aİ ilə danışıqlarla əlaqəsi varmı? Əgər belədirsə, niyə bu əfv siyasi məhbus hesab olunan adamlara o cümlədən hələ də həbsdə qalan jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlıya şamil olunmayıb?

Adam Kaznovski: Bu sual Aİ üçün yox, Azərbaycan tərəfi üçündür.

Amerikanın Səsi: Mediada belə məlumatlar dolaşır ki, REAL rəhbərliyi Brüsselə Aİ-Azərbaycan sazişinin müzakirəsi məqsədilə dəvət olunub. Aİ bu səfərə hansısa formada sponsorluq edibmi? Əgər edibsə, hansı meyarlar əsasında REAL nümayəndələri Erkin Qədirli və Natiq Cəfərli Brüsselə Azərbaycan müxalifətinin təmsilçisi qismində dəvət olunublar? Niyə Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası kimi müxalifət qruplarının nümayəndələri dəvət olunmayıb?

Adam Kaznovski: Aİ yeni razılıq üzərində Azərbaycan rəhbərliyi ilə danışıqlar aparır. Aİ REAL nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib.

XS
SM
MD
LG