Accessibility links

Human Rights Watch: Azərbaycanda qorxutmaq yolu ilə ifadə azadlığı pozulur, siyasi təqiblər, həbslər artır


Pezident İlham Əliyev və Aİ prezidenti Herman Van Rompey
Pezident İlham Əliyev və Aİ prezidenti Herman Van Rompey

Human Rights Watch və yerli QHT-lər prezident Əliyevin Brüsselə səfəri öncəsi Avropa İttifaqına müraciət edib

Azərbaycanın yerli hüquq müdafiə qurumları, eləcə də “Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatının rəhbəri Huq Villiamson prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının prezidenti Manuel Barrozoya məktub göndərib.

Prezident Əliyev iyunun 21-də Brüsselə səfər edəcək. Səfər zamanı dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatının rəhbəri Huq Villiamsonun məktubunda Avropa Komissiyasının sədrindən xahiş edilir ki, Əliyevlə görüşdə Avropa İttifaqının (Aİ) Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsindən narahatlığını çatdırsın və vəziyyətin yaxşılaşması istiqamətində addımların atılmasını tələb etsin.

“İlham Əliyevi siyasi motivlərlə həbs olunan şəxsləri azad etməyə, Azərbaycan qanunvericiliyinə söz və sərbəst toplaşmaq azadlığı ilə bağlı edilmiş, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə zidd dəyişiklikləri ləğv etməyə çağırmağı xahiş edirik. Azərbaycanın insan haqları sahəsində tələbləri yerinə yetirməkdən imtina etməsi, Əliyevin insan haqlarının qorunmasını Aİ ilə münasibətlərin bir hissə kimi qəbul etməməsi Aİ-ni Azərbaycanla münasibətlərə yenidən baxmağa məcbur edə bilər. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşir və biz sizdən Əliyevin səfərindən istifadə edərək insan haqları ilə bağlı Avropa Qonşuluq Siyasəti Hesabatında əksini tapan məqamlarla bağlı sərt mövqe nümayiş etdirmənizi xahiş edirik. Sizdən İlham Əliyevə Aİ və Azərbaycan arasında münasibətlərin inkişaf etməsi üçün insan haqlarının vacib amil olduğunu xatırlatmağınızı istəyirik”.

Sənəddə qeyd edilir ki, Azərbaycanda hakimiyyətin səyləri nəticəsində insan haqları sahəsində vəziyyət pisləşib, qorxutmaq yolu ilə ifadə azadlığı pozulur, siyasi motivlərə görə təqiblər, həbslər artır.

“2012-ci ildə Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycandakı vəziyyətin qiymətləndirilməsi hesabatında deyilir ki, Azərbaycan tövsiyələrdən yalnız bir neçəsini yerinə yetirib, insan haqlarının pozulması, ifadə azadlığının, sərbəst toplaşmaq azadlığının boğulması davam edir. Son 15 ayda əsas azadlıqların pozulması halları müşahidə olunub. 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkiləri ərəfəsində bu istiqamətdə yeni qanunlar qəbul olunur. Hökuməti tənqid edən azı 22 siyasi fəal, jurnalistlər, blogerlər, hüquq müdafiəçiləri siyasi motivlərlə təqib edilib. Bunların yarısına narkotik və ya silah saxlamaq ittihamı irəli sürülüb. Digər hallarda xuliqanlıq, zorakılığa təhrik ittihamları irəli sürülüb. Müxalifət fəalı İlqar Məmmədovla bağlı da oxşar vəziyyət olub. Bu adamlardan 20-i hazırda həbsdədir. Həbslər cəmiyyəti qorxutmağa hesablanıb. Bundan əlavə son 7 ayda Əliyev vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran onlarla qərar qəbul edib, qanunvericiliyə insan haqlarını məhdudlaşdıran dəyişikliklər edilib. Azərbaycanın insan haqlarını pozması Aİ-nın baza prinsiplərinə zidd olmaqla yanaşı ölkədəki stabilliyi poza bilər. Sizdən Əliyevlə qarşıdakı görüşdə onu Aİ-nin müəyyən etdiyi meyarlara, AŞ PA-nın 2013-cü ilin yanvarında qəbul etdiyi qətnamədə əksini tapan tövsiyələrə əməl etməyə çağırmağınızı istəyirik. O bilməlidir ki, Avropa ilə siyasi və ticarət əlaqələri insan haqları ilə bağlı beynəlxalq razılıqlara və öhdəliklərə necə əməl olunmasından asılıdır”, müraciətdə qeyd edilir.

Azərbaycandan isə İnsan Hüquqları Klubu, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu və Media Mərkəzin təşəbbüsü ilə hazırlanan və 50 fəal tərəfindən imzalanan müraciət Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozoya, Aİ Şurasının prezidenti Herman van Rompuya göndərilib.

Müraciətdə deyilir: “Əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində davamlı əməkdaşlığı görüşün gündəliyində duran ən mühüm məsələ olacaq. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Lakin Azərbaycanda insan haqlarının pisləşməkdə olan durumu da bunun qədər diqqət yetirilməli və narahatlıq doğuran bir məsələdir.

Azərbaycan hökuməti Avropa İttifaqı (Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində), ATƏT, Avropa Şurası və BMT Təhlükəsizlik Şurası qarşısında ifadə azadlığının təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

2009-cu ildə konstitusiyaya edilmiş dəyişiklik prezident seçilmək üçün iki müddətlik məhdudiyyəti aradan qaldıraraq Azərbaycan prezidenti İlham Əliyevə ölkəni ömürlük idarə etmək imkanı yaratdı. Avropa Şurasının konstitusional məsələlər üzrə məsləhətçi qurumu olan Venesiya Komissiyası xəbərdarlıq edərək bildirib ki, prezident müddəti məhdudiyyətinin aradan qaldırılması “Azərbaycan tərəfindən möhkəmlənmiş demokratiya istiqamətində ciddi geriləmə” hesab oluna bilər.

Bu ay hakim Yeni Azərbaycan Partiyası hazırkı prezident İlham Əliyevin oktyabrda keçiriləcək seçkilərdə üçüncü müddətə namizədliyini irəli sürüb.

Mövcud seçki qanunvericiliyi azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dəfələrlə seçki komissiyalarına etimadın olmadığını bildirsə də hakimiyyət bu istiqamətdə müsbət addımlar atmayıb.

Oktyabrda baş tutacaq prezident seçkilərinə sayılı aylar qaldığı bir vaxtda Azərbaycan hakimiyyəti rejimi (xüsusən də internetdən istifadə etməklə) tənqid edən şəxsləri təhdid etməkdə həmişəkindən daha qərarlı görünür. Jurnalistlərin, blogerlərin və müxalif fəalların repressiv qanunlar, həbslər, fiziki təzyiqlər və qarayaxma kampaniyaları formasında getdikcə daha çox təzyiqə məruz qalması ilə ölkədə ifadə azadlığı mühiti gündən-günə pisləşir.

Əliyev rejimi öz tənqidçilərini susdurmaq üçün hakim dairələrin maraq dairəsinə daxil olan mövzuları araşdıran jurnalistlərə qarşı törədilmiş fiziki-mənəvi hücumların (iki qətl faktı daxil olmaqla) cəzasız qalmasına görə məsuliyyət daşıyır. Hətta bu məktubu yazdığımız üçün biz özümüz də onun tərəfindən hədəfə alına bilərik, Prezident Əliyev bunu iyunun 7-də özünün digər tənqidçilərinə qarşı dözümsüz münasibət nümayiş etdirməsi ilə təsdiq edib.

Siyasi baxışlarına və fəaliyyətinə, xüsusən də tənqidi fikirlərinə, həmçinin üzləşdiyi problemlərə etiraz etdiklərinə görə həbs edilən şəxslərin sayı artıb. Uzun olduğu üçün qanunsuz olaraq həbs edilənlərin siyahısına varmadan qeyd edə bilərik ki, Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri, prezidentliyə potensial namizəd İlqar Məmmədovun, NİDA vətəndaş hərəkatının 7 fəalının, Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin, jurnalist Tofiq Yaqublunun, vəkil Qurban Məmmədovun həbsi bunun bariz nümunəsidir.

Əvvəlki illərdəki həbsləri nəzərə aldıqda hazırda Azərbaycanda 7 jurnalist və 2 hüquq müdafiəçisi də həbsdədir. Həbs edilmiş şəxslərə qarşı qanunsuz və amansız münasibət nümayiş etdirilib və bu davam etməkdədir. Məsələn, NİDA vətəndaş hərəkatının üzvü Zaur Qurbanlının dalağı təhlükəli dərəcədə şişib və o, talassemiya xəstəsi olsa da Qurbanlının azad edilməsi istiqamətində hakimiyyət tərəfindən heç bir addım atılmır.

Diffamasiya (böhtan) və təhqirə görə nəzərdə tutulan sərt cəzalar artıq Azərbaycanın fəal sosial şəbəkələrinin də daxil olduğu İnternetdə yayılan məzmuna da şamil olunub. Etiraz aksiyalarına görə tətbiq olunan cəzalar sərtləşdirilib. Bir çox inzibati xətalara görə tətbiq olunan inzibati həbsin maksimum müddəti xeyli artırılıb.

2005-ci ildə BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını ratifikasiya etməklə Azərbaycan dövlət idarəçiliyində şəffaflığın artırılması üçün tədbirlər görmək öhdəliyini qəbul etsə də, buna əməl etmək əvəzinə hökumət “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara bir sıra dəyişikliklər edib. Bu dəyişikliklər kommersiya hüquqi şəxslərə öz dövlət qeydiyyatı, rəhbərliyi və strukturu haqqındakı məlumatları gizli saxlamağa icazə verir. Bu dəyişikliklər informasiya azadlığının beynəlxalq standartları ilə ziddiyyət təşkil etməklə yanaşı jurnalistlərin korrupsiya hallarını araşdırmasını və ictimailəşdirməsini daha da çətinləşdirib.

Ölkəmizdəki mövcud insan haqları durumu barədə kifayət qədər məlumatlı olduğunuzu düşünərək bu məsələnin geniş təfərrüatına varmadan qeyd etmək istərdik ki, Azərbaycan hökuməti Avropa İttifaqı qarşısında (Avropa İttifaq-Azərbaycan Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində) insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Əgər Avropa İttifaqı dəyərlərə önəm verən biri qurumdursa və qlobal siyasətdə müsbət hərəkətverici qüvvə olmaq istəyirsə, o zaman insan haqları və fundamental azadlıqların təşviqi onun qlobal fəaliyyətin əsas meyarı olmalıdır. Bu səbəbdən biz Avropa İttifaqını Azərbaycana münasibətində insan haqlarına əsaslanan yanaşmadan istifadə etməyə çağırırıq.

Avropa İttifaqı və Azərbaycan arasındakı enerji təhlükəsizliyi tərəfdaşlığı mühüm və səmərəli olsa da, bu münasibətlərin əsasında insan haqlarına qarşılıqlı hörmət dayanmalıdır. Avropa İttifaqı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Azərbaycanla memorandum imzalayarsa, bu zaman insan haqları məsələsi tərəfdaşlığın vacib şərtlərindən biri kimi qeyd olunmalıdır.

Əksəriyyəti enerji resursları ilə zəngin olan ərəb və Yaxın Şərq ölkələrindəki inqilablar sabitliyin illüziya mahiyyətli olduğunu nümayiş etdirdi. Enerji ilə zəngin olan ölkələrdə təhlükəsizlik Qərb dövlətləri üçün əhəmiyyətlidirsə bunu “aşağıdan yuxarıya” prinsipi əsasında qurmaq lazımdır - yəni bu prosesə fundamental insan haqlarına hörmətdən başlamaq lazımdır.

Həbs olunmuş fəallar, qətlə yetirilmiş jurnalistlər, həmçinin hüquqları pozulan insanlar öz müdafiələri üçün səslərini ucalda bilmirlər. Buna görə də biz sizdən onların adından bu haqsızlığa son qoyulmasını tələb etməyinizi xahiş edirik.

İnsan haqları ilə bağlı problemlər nadir hallarda ölkə çərçivəsində həllini tapır. Bizim ifadə etdiyimiz narahatlıqların bir qismi Avropa Parlamentinin Azərbaycanda insan haqlarının durumu ilə bağlı 12 may 2011-ci il tarixli qətnaməsində, həmçinin Avropa İttifaqı və Avropa Şurasının çoxsaylı bəyanatlarında yer alıb. Bu səbəbdən sizləri cənab Əliyevlə görüşləriniz zamanı Azərbaycanda insan haqlarının müdafiəsinin vacib olduğunu vurğulamağa çağırırıq”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG