Accessibility links

Azadlıq qəzetinin bank hesabına həbs qoyulub


Həbs Binə Ticarət Mərkəzinin rəhbərinin iddiası əsasında qoyulub. Qəzet bunun nəşrin susdurulması üçün edildiyini bildirir

Bakının Yasamal Rayon Məhkəməsi ölkənin aparıcı müxalifət qəzeti “Azadlıq” qəzetinin bank hesabına həbs qoyub.

Qəzet redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə bildirib ki, qəzetin bank hesabına həbs Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında qoyulub.

“Hesaba daxil olan bütün vəsait tutulacaq, bu da onsuz da ağır olan durumu daha da ağırlaşdıracaq. Eyni zamanda mətbuat yayımı üzrə “Qasid” dövlət müəssisəsi satılan qəzetlərə görə olan 50 min manat məbləğində borcunu ödəməkdən imtina edir”, o qeyd edib.

“Azadlıq” qəzetinin “Azərbaycan” nəşriyyatına da 20 min manat borcu var. Yayım firması borcları ödənmədiyindən qəzet nəşriyyata olan borcunu qaytara bilmir.

Media Hüquqları İnstitutu (MHİ) “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulmasını bu mühüm çap orqanına qarşı təzyiq hesab edir, buna bəraət qazandırıla bilməz.

MHİ hökumətin tənqidçi medianın işini iflic edən qanunsuz qərara səssiz qalmasından təəssüflənir.

Qeyd edək ki, oktyabrın 25-də “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası üzrə 32 min manat təzminat haqqında məhkəmə qərarının icrası ilə əlaqədar “Azadlıq” qəzetinin hesabına növbəti dəfə həbs qoyulub.

MHİ-nin bəyanatında xatırladılır ki, 2012-2013-cü illərdə məmurlar, deputatlar, hakimiyyətlə əlaqəsi olan biznesmenlər tərəfindən “Azadlıq” qəzetinə qarşı 10-a yaxın iddia qaldırılıb.

Xüsusən, iddialar metro rəisi Tağı Əhmədov, deputat Novruzəli Aslanov, biznesmen Anar Məmmədov (nəqliyyat nazirinin oğlu), “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədov tərəfindən verilib.
Məmmədovanın iddiası ilə “Binə” TM-də qanunsuz rüsumlar haqqında nəşrə görə qəzet 30 min manat, reportyor Ramin Deko isə 2 min manat cərimə olunub.

MHİ məhkəmə qərarının qüvvəyə minməsi əsasında qəzetin bank hesabına həbs qoyulmasını qanunsuz hesab edir. Çünki oktyabrın 17-də qəzet Məmmədovanın iddiası üzrə məhkəmə qərarının icrasının dayandırılması xahişi ilə məhkəməyə müraciət edib.

“Bu qərar söz azadlığına ciddi zərbədir, siyasi plüralizmi təmin edən nəşrin aradan qaldırılmasına yönəlib”.

MHİ hökuməti qanunu pozmuş şəxslərin əməllərini araşdırmağa və qəzetin tapdanmış hüquqlarını bərpa etməyə çağırır.
XS
SM
MD
LG