Accessibility links

Azərbaycan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayır


Azərbaycan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayır
Azərbaycan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayır

Azərbaycanın şimal-qərb bölgəsində kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş layihəsinin icrasına başlanılıb.

Fevralın 7-də Azərbaycan və Avropa İtiifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlara rəsmi start veriləcək.
Avropa Komissiyasının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, vizanın sadələşdirilməsi, prosesin yüngülləşdirilməsi, inzibati tələblərin azaldılmasıdır, bu, ucuz və üzunmüddətli vizadır.
Viza rejiminin sadələşdirilməsinin Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə kütləvi miqrasiyasına səbəb olacağı barədə fikirləri şərh edən cənab Kobia deyib ki, o, bu fikirlərlə razı deyil. “Hesab etmirəm ki, Aİ Azərbaycandan kütləvi miqrasiyanın mümkünlüyündən narahatdır. Birincisi, Azərbaycan əhalisi elə də çox deyil. İkincisi, azərbaycanlılar öz ölkələrində özlərini yaxşı hiss edir”.
Eyni zamanda üçüncü ölkənin vətəndaşları Avropaya miqrasiya məqsədilə Azərbaycan ərazisindən istifadə edə bilər. Belə olan halda, onların qayıtması məsələsinin həlli vacibdir.
Viza rejiminin sadələşdirilməsi üçün şərt kimi readmissiya haqqında sazişin imzalanması vacibdirmi? Bu sualın cavabında Kobia deyib ki, proseslər paralel aparılacaq. “Viza rejiminə dair danışıqların müddətinə gəlincə, qonşu Gürcüstanda bu proses bir il yarım davam edib, ölkə rəhbərliyinin siyasi iradəsi belə olub. Əgər Azərbaycan siyasi iradə göstərsə, proses tez başa çatdırılacaq”.
Assosiativ sazişin imzalanmasına gəlincə, Kobia bildirib ki, danışıqlar hələ 2010-cu ildə başlanılıb və bəzi bölmələr razılaşdırılıb. “Viza və assosiativ münasibətlərə dair sazişlərin bağlanması proseduru paralel aparılacaq”.
Bundan əvvəl Azərbaycanın rəsmi şəxsləri qeyd edib ki, readmissiya haqqında sazişin imzalanması Azərbaycan vasitəsilə Avropaya gedən miqrantların üçüncü ölkəyə qayıdışı ilə bağlı Bakı üçün öhdəlik problemi yaradır.
Yanvarın 13-də Azərbaycanın şimal-qərb bölgəsində kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş “İcmadaxili əməkdaşlıq və inkişaf naminə dialoq” layihəsinin rəsmi icrasına da başlanılıb.
Ümumi dəyəri 256,5 min avro olan layihə British Council tərəfindən yerli İqtisadi Araşdırmalar Mərkəzi və İnsan Hüquqları Fondu QHT-ləri ilə birgə həyata keçirilir. Avropa Komissiyası layihə xərclərinin 85%-ni maliyyələşdirir.
“Azərbaycanın infrastrukturun inkişafı sahəsində uğurları müsbət təəssürat bağışlayır, amma qeyri-fiziki infrastruktur – insan resursları da var. Bu layihə onların inkişafına yönəlib”, - deyə layihənin təqdimatı mərasimində Avropa Komissiyasının Azərbaycan missiyasının rəhbəri Roland Kobia bildirib.
Layihənin əsas ideyası yerli icmaların bələdiyyələrin qərar qəbul etməsi prosesinə cəlb edilməsindən ibarətdir. Bu iştiraka nümunələrdən biri əhalinin bələdiyyə büdcələrinin qəbuluna cəlb olunmasıdır.
“Yerli büdcələrin ilkin olaraq kənd yığıncağında müzakirə olunması, bələdiyyələrin isə təklifləri nəzərə alması nəzərdə tutulur”, deyə İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.
Bu, büdcənin şəffaflığını təmin edəcək, icmaların yerli hakimiyyətə etibarını və vətəndaşların bələdiyyə vergilərini ödəmək marağını artıracaq. Nəticədə bələdiyyələrin maliyyə imkanları artacaq, - deyə İbadoğlu bildirib.
İnsan Hüquqları Fondunun nümayəndəsi Bəhruz Babayev hesab edir ki, layihə yerli QHT-lərin güclənməsinə şərait yaradacaq.
Layihəyə British Council rəhbərlik edəcək. “Bizim maarifləndirmə, ticarət-iqtisadi əlaqələrə dəstək sahəsində layihələri idarə etmək təcrübəmiz var və məmnuniyyətlə bu təcrübəni bölüşməyə hazırıq”, deyə British Council direktoru Paul Klementston bildirib.
Layihə 2 il ərzində həyata keçiriləcək və Balakən, Zaqatala, Qax və Oğuz rayonlarının 60 kəndini əhatə edəcək. Gələcəkdə əldə olunmuş təcrübəni Azərbaycanın digər bölgələrinə də şamil etmək nəzərdə tutulur. Layihənin yekunlarına görə Azərbaycanın bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq.


XS
SM
MD
LG