ABŞ prezident seçkilərində Demokrat namizəd Co Baydenin qalib elan edilməsi ilə İranla nüvə sazişinin yenidən bərpa olması ehtimalı İran siyasi mühitində əsas mübahisə mövzulardan biri olub.
Siyasi fəal Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətdə deyir ki, İslam Respublikasına müxalif qüvvələrin İranla əldə edilən hər hansı bir anlaşmaya dair əsas gözləntiləri insan haqları və demokratik azadlıqların da nəzərdə tutulmasıdır.
İran hakimiyyətinə müxalif qüvvələr də hər hansı bir anlaşmada İran daxilində insan haqları, söz azadlığı və demokratiya kimi məsələlərin nəzərdə tutulmasını istəyirlər.
“Bu bilinir ki, istər Tramp seçiləydi, istər Bayden, İran rəsmiləri öz hakimiyyətləri qorumaq üçün ABŞ ilə gec ya tez bir masada oturacaqdılar. Onun üçün də gözlədilər ki, bu seçkilərin nəticəsi bəlli olsun, sonra ciddi şəkildə oturub müzakirə etsinlər. Fəqət, Baydenlə anlaşmaq zahirdə çox rahat görünsə də, o qədər də rahat olmayacaq,” Çələbiyanlı söyləyir.
Onun dediklərinə görə, İran hakimiyyətinə müxalif qüvvələr İslam Respulikası ilə hər hansı beynəlxalq sazişlərə dair ümumi narahatlıqları eynidir:
“İran rejiminə müxalifləri iki kateqoriyaya bölsək, biri mərkəz güclərdir, digəri də etnik qruplar, yəni qeyri-fars millətlərdir. Amma bu mövzuda bu qrupların qayğıları aşağ-yuxarı bir-birinə çox yaxındır.”
Babək Çələbiyanlı əlavə edir: “istər İranla anlaşma olsun, və ya İrana qarşı tətbiq olunan sanksiyalar, İran üzərində olan o maksimum basqı və ya dünya ictimaiyyətinin İrana qarşı mövqeyi, bunların hamısını nəzərə alsaq, İran hakimiyyətinin müxalifləri aşağı-yuxarı bir fikirdədirlər. Onlar xüsusilə də İran rejimini hədəf alan o saksiyaların tətbiq edilməsinin tərəfdarıdırlar. Bu müxalif qüvvələrin hamısı dilə gətirir ki, İranda insan haqları pozuntuları günü-gündən artmaqdadır. Siyasi məhbusların sayı hər keçən gün çoxalmaqdadır. Siyasi azadlıqlar və ifadə azadlığı yoxdur.”
İran ən gücsüz dönəmindədir. Bayden də qədim bir siyasətçi olaraq bu rahatlıqla İrana istədiyi imtiyazları verməyəcək.
O, İsrail və Səudiyyə Ərəbistanı kimi dövlətlərin İranla bağlı narahatlıqlarına diqqət çəkərək deyir ki, “İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrin İranla anlaşma məsələsində əsas narahatlıqları öz milli təhlükəsizlik məsələləridir. İran hakimiyyətinə müxalif qüvvələr də hər hansı bir anlaşmada İran daxilində insan haqları, söz azadlığı və demokratiya kimi məsələlərin nəzərdə tutulmasını istəyirlər.”
Çələbiyanlı hesab edir ki, Bayden administriyası İran hakimiyyətinə müxalif qüvvələrin səsini eşidəcəkdir.
“İranlı müxaliflər də öz qayğılarını və səslərini ABŞ-da yaxın gələcəkdə işə başlayacaq administriyaya çatdırmağa çalışırlar. Mən əminəm ki, Bayden administriyası da bunların səsini eşidəcək. İran ən gücsüz dönəmindədir. Bayden də təcrübəli bir siyasətçi olaraq bu rahatlıqla İrana istədiyi imtiyazları verməyəcək,” deyə siyasi fəal əlavə edir.