Accessibility links

Barak Obama: ABŞ-ın İraq müharibəsi bu ay başa çatır!


Barak Obama: ABŞ-ın İraq müharibəsi bu ay başa çatır!
Barak Obama: ABŞ-ın İraq müharibəsi bu ay başa çatır!

ABŞ prezidenti Barak Obama və İraq baş naziri Nuri əl-Maliki Amerika qoşunlarının İraqı doqquz illik müdaxilədən sonra tərk etməsini İraq üçün “yeni başlanğıc” adlandırmışlar.

Liderlər arasında bu günkü danışıqlarda dekabrın 31-də ABŞ qoşunlarının İraqdan tamamilə çıxmasından sonra iki ölkə arasındakı əməkdaşlığın gələcəyi müzakirə edilib. Liderlər habelə ticarət, enerji, təhsil və İraqda ABŞ investisiyalarını müzakirə ediblər.

Mətbuat konfransında cənab Obama söylədi: “Doqquz ildən sonra bizim İraqdakı müharibəmiz bu ay başa çatır.” O, ABŞ əsgərlərinin İraqda “şərəflə, üzüağ” xidmət etdiyini söylədi.

Cənab Obama bildirdi ki, ABŞ xalqının timsalında iraqlıların etibarlı dostu var, və Birləşmiş Ştatlar İraqda güclü iqtisadi və demokratik bünövrənin qurulması üçün İraq xalqına yardımçı olacaq.

Ərəbcə danışan cənab Maliki ABŞ-a öz öhdəliklərinə görə təşəkkür etdi. O, seçkilər, hakimiyyətin dinc təhvili və başqalarının işlərinə qarışmamaq kimi xarici siyasət xətti müəyyənləşdirmək istiqamətində ABŞ-la birgə hədəflərə çatıldığını vurğuladı. O, ABŞ qoşunlarının İraqı tərk etməsini “müvəffəqiyyət göstəricisi” kimi dəyərləndirdi.

Cənab Obama və cənab Maliki daha sonra Arlinqton Milli Məzarlığına gedərək İraq müharibəsində həlak olmuş 4,500 amerikalı əsgərin şərəfinə əklil qoyacaqlar.

XS
SM
MD
LG