Accessibility links

Bloq: Keçmiş Mossad rəhbəri Ərəb Baharından narazıdır


“Ortada qürrələnməli nə var axı? Mərkəzi hökumət yoxdur, tayfalar arasında çəkişmələr vüsət alıb. 2011-ci ildə ABŞ, Fransa və Britaniya üsyançıların köməyinə cummazdan öncəki illərlə müqayisədə liviyalıların həyatı necə yaxşılaşıb?” deyə İsrail kəşfiyyatının sabiq rəhbəri Efraim Halevi sual edir. Liviyada diktatorun devrilməsindən heç bir il ötməmiş keçmiş mossadçı The New Republic məcmuəsindəki məqalədə Ərəb Baharının nailiyyətlərini gözdən salmağa çalışır. Deyəsən Halevinin xəbəri yoxdur ki, avtoritar rejimlərin hökm sürdüyü bir çox məkanlarda ərəb ölkələrində baş verən üsyanlar İsrailin əməli kimi xalqa təqdim olunur.

Suriyanın Dəra qəsəbəsində üsyanın ilk işartıları meydana çıxanda prezident Bəşar əl-Əsəd baş verənləri İsrailin adı ilə bağlamağa çalışdı və süni şəkildə sərhəddə gərginliyi artırdı. Eyni cəhdlərə zəif formada da olsa Tunis, Misir və Liviya diktatorları əl atmışdılar. Ərəb dünyasında camaatı azdırmaq üçün İsraildən yaxşı vasitə yoxdur. Xalqın başına nə oyun açırsan aç, axırda yəhudiləri günahlandır. 1952-ci ildə Camal Əbdül Nasir Misirdə hakimiyyətə gələndən bəri bu dinamika saat kimi işləyib.

Keçmiş Mossad rəhbərinin yazdıqları aydın edir ki, əslində bu dinamika təkcə xalqını əzən diktatorların deyil, müəyyən mənada İsrailin də mənafeyinə cavab vermiş olub. Müəmmər Qəzzafinin 2003-cü ildə nüvə proqramını təslim etməsini alqışlayan Efraim Halevi Qərb dövlətlərini qınayaraq yazır ki, “2003-cü ildə əldə olunan nailiyyətləri 2011-ci ilin siyasəti darmadağın etdi.” Bundan əlavə, Halevi Qərbin Rusiyanı narazı salmasından gileylənir və Moskvanın Əsəd rejiminə dəstəyini Qərbin etinasız siyasəti ilə izah edir. “Diktatoru anarxiya, qanunsuzluq və hökumətin dağılması ilə əvəzləmək Liviya xalqının güzəranına necə təsir göstərib?” deyə Halevi özü öz sualını cavablandırır. “Filosoflar və mənəviyyat qəhrəmanları indi evə gedərək Liviya xalqını yoxsul, səfil və tənha vəziyyətdə buraxıblar.”

Yazdıqlarından aydın sezilir ki, Halevini Liviya xalqının güzəranı indiyədək çox elə narahat etməyib. Halevini narahat edən odur ki, Qəzzafi və Mübarək kimi avtoritar liderlər sayəsində ərəb dünyası uzun müddət cəhalət və acizlik girdabında çapalayıb. Xalqa söykənməyən və xalqdan qorxmayan hakimiyyətlər gurultulu bəyanatlarına baxmayaraq yalnız xarici düşmənlərdən qorxublar. Bəlkə də bu üzdən hakimiyyətdə olduğu müddətdə heç bir ərəb diktatoru real olaraq İsrailə təhlükə törətməyib və törətmir. Qorxaq düşmənin hakimiyyətdən getməsi isə əlbəttə ki, Halevi kimi vətənini sevən adamı narahat etməyə bilməz.

XS
SM
MD
LG