Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya üzrə Xüsusi Nümayəndəsi Avropaya təsir edən miqrant böhranının qarşısını almağa kömək etmədiyinə görə beynəlxalq ictimaiyyəti, xüsusilə də Yaxın Şərq ölkələrini tənbeh edib.
Çərşənbə axşamı Cenevrədə çıxış edən BMT nümayəndəsi Piter Suterland müxbirlərə bildirib ki, Suriya və digər yerlərdə müharibələrdən qaçan yüz minlərlə qaçqına yardım etmək bütün dünyanının borcudur. O bütün ölkələrin yardım etməsinin vaxtının gəlib çatıdığını qeyd edib.
Piter Suterland həmçinin qaçqınlara humanist rəftarın vacibliyini vurğulayıb.
Qaçqınlar Yunanıstana gəlməyə davam edir. Orada bərədə 35 nəfər, Egey dənizində yerləşən Lesbos və Çios adaları arasında isə digər 26 miqrant sahil təhlükəsizliyi tərəfindən xilas edilib.
Moskvada Avropa İttifaqının Büdcə və İnsan Resursları üzrə Komissarı Kristalina Georgiyeva ilə görüşən Rusiya Xarici İşlər Naziri Sergey Lavrov çıxışı zamanı bildirib ki, miqrant böhranına görə Avropa və Qərb ölkələri məsuliyyət daşımalıdır, çünki, onun sözlərinə görə, bu böhrana səbəb onların siyasəti olub.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin deyib ki, insanların kütləvi şəkildə köçmələrinə görə Qərb özünü günahlandırmalıdır. O əsasən də Moskvanın müttəfiqi olan İraq və Suriya liderlərini devirməyə çalışdığına görə Birləşmiş Ştatları tənqid edib.
BMT-nin Qaçqınlar üzrə Baş Komissarının verdiyi məlumata əsasən, bu il Aralıq dənizi vasitəsilə 300 minə yaxın kişi, qadın və uşaq Avropaya gəlib. Onların 181 mini Yunanıstana, 108 mini isə İtaliyaya keçib.