Accessibility links

Bulla-Dənizdə yanğının aradan qaldırılması işləri davam etdirilir


Bulla-Dəniz qaz yatağında yanğın
Bulla-Dəniz qaz yatağında yanğın

Hazırda quyudakı avadanlıqların hissələrinin təmizlənməsi işləri davam etdirilir

Bulla-Dəniz yatağındakı 90 saylı quyuda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Hazırda quyudakı avadanlıqların hissələrində təmizləmə işləri aparılır. Təmizləmə işləri başa çatdıqdan sonra yanğının söndürülməsi istiqamətində addımlar atılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Bir neçə həftə öncə ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Amerikanın Səsinə bildirmişdi ki, Bulla-Dəniz yatağında qəzanın və yanğının aradan qaldırılması üçün amerikalı mütəxəssislər Azərbaycana gəliblər.

Onun sözlərinə görə, amerikalı mütəxəssislər platformanı doğramağa başlayıb və bununla da quyunun bağlanması prosesi həyata keçiriləcək.

Bulla-Dəniz qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir. Qəza baş vermiş 90 saylı quyuda qazma işlərinə 2012 ilin noyabrın 6-da başlanılıb (dənizin dərinliyi - 26,5 metr). Avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Sonra quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Yanğın hələ də davam edir.

Xüsusi cihazlar vasitəsi ilə ölçü işləri aparılıb və quyudan çıxan qazın təqribən 2,5-3 milyon m3/gün həcmində olması müəyyən edilib.

Ekspertlərin fikrincə, yanğının tam söndürülməsi və quyunun xilas edilməsi üçün uzun müddət tələb olunur. Belə ki, quyunun ağzı dəyişdirilməli, bundan sonra dənizin müəyyən dərinliyində qazın çıxma istiqamətinin dəyişdirilməsi işləri həyata keçirilməli və nəhayətdə yanğın söndürülməlidir.

Hazırda Bakıda müşahidə edilən küləkli hava da açıq dənizdə işləməyə ciddi maneçilik törədir.
XS
SM
MD
LG