Accessibility links

Bulut Ələmdar: Güneydə əhali artıq İran dövlətinə deyil, milli fəallara güvənir


Bulut Ələmdar

Bulut Ələmdar deyir ki, İran Azərbaycanının ictimai və iqtisadi məsələləri ilə bağlı əhali artıq dövlət qurumlarına deyil, milli fəalların dediyinə inanır. İstanbulda yaşayan siyasi fəal Amerikanın Səsinə müsahibədə son vaxtlar türk fəallar və naşirlərə qarşı tətbiq edilən basqılar və məhdudiyyətləri təhlil edib.

Bulut Ələmdar Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:09 0:00

Siyasi fəalın sözlərinə görə, keçən illərdə ümumiyyətlə İran Azərbaycanında siyasi və mədəni hüquqlara diqqət yetirən milli fəallar artıq bu bölgələrin bir çox iqtisadi və ictimai məsələsini gündəmə gətirməyə başlayıblar:

Son dönəmlərdə milli fəallar bölgənin iqtisadiyyat, ətraf-mühit və başqa problemlərini də ələ almağa başladılar. Buna görə, yavaş-yavaş millət bu mövzularda dövlətə deyil, bizim milli qüvvələrin dediklərinə güvənməyə başladı. Bu da alternativ bir güc anlamına gəlirdi.

“Türklər İranda və Güney Azərbaycanda bu günə qədər siyasi və kültürəl haqlar üzərində hərəkət edirdilər. Amma son dönəmlərdə bu bölgələrin iqtisadi məsələləri, çevrə və ətraf-mühit məsələsi və başqa problemləri də ələ almağa başladılar. Buna görə, yavaş-yavaş millət bu mövzularda dövlətə deyil, bizim milli qüvvələrin dediklərinə güvənməyə başladı. Bu da alternativ bir güc anlamına gəlirdi.”

O, hesab edir ki, Tehran İran Azərbaycanında alternativ güc halına gələn bu qüvvələri təsirsizləşdirmək üçün onların öndə gedən liderlərini susdurmağa çalışır.

“Buna görə, bu hərəkatın daxildə olan, Güney Azərbaycanda olan öndərlərinin önünü kəsməyə çalışdılar. Onları sinsitmək, gözünü qorxutmaq və bölgədən uzaqlaşdırmaq kimi bir siyasət götürdülər” , siyasi fəal ifadə edir.

Bulud Ələmdar mərhum Qulamrza Əmaninin müəmmalı ölümünün 11-ci ildönümü mərasiminə qatılan fəalların tutulmasını, həmçinin Apellyasiya Məhkəməsində həbs müddəti 8 ildən 15 ilə artırılan Abbas Lisani və vəkilinə qarşı tətbiq edilən basqıları da həmin kontekstdə dəyərləndirir.

Mərhum Qulamrza Əmaninin ölümünün 11-ci ildönümü münasibətilə keçirilən mərasim
Mərhum Qulamrza Əmaninin ölümünün 11-ci ildönümü münasibətilə keçirilən mərasim

“Sayın Abbas Lisan içəridə cəsarətlə, heç mühafizəkarlıq göstərmədən nə istədiyini və haqqımızı, hüquqlarımızı konkret şəkildə ortaya qoyur. Buna görə, bunun ailəsinə basqı etdilər, çevrəsinə basqı etdilər. Amma, onu susdurmağı bacarmadılar. Uzunmüddətli həbs və sürgün cəzası verməklə Abbas bəyi durdurmağa çalışırlar. Abbas bəy dediyimizdə, o hərəkatın öndə gedən ən önəmli fərdlərindən biri,” O, bildirir.

Bu qədər təzyiqdən və basqıdan keçən naşirləri də Təbriz Kitab Sərgisinə almaq istəmirdilər. Səbəbi budur ki, dövlət türkcə kitabların sərgilənməsini istəmir. Bilir ki, sərgiləndiyi zaman millət o pavilyona, o bölümə axın edəcək. Orada bir-birilərini görəcəklər.

Ələmdar həmçinin İran Azərbaycanı və Tehranda türkcə kitablar nəşr edən naşirlərin məruz qaldığı məhdudiyyətlər haqqında fikirlərini Amerikanın Səsi ilə paylaşıb.

Bu yaxınlarda Təbriz, Urmiyə, Binab və Tehran kimi şəhərlərdə fəaliyyət göstərən türk naşirlərin 17-ci Təbriz Beynəlxalq Kitab Sərgisinə alınmaması təpkilərə yol açmışdı. Etirazların ardınca Şərqi Azərbaycan vilayətinin İrşad və Mədəniyyət İdarəsi naşirlərin sərgidə pavilyon qurmasına icazə verdi.

Bulud Ələmdarın dediklərinə görə, “İran dövləti türkcə kitab çap edib və yaymağa təşəbbüs edən qurumlara və şəxslərə illərdir basqı tətbiq edir. Naşirlərimiz bundan ibarət deyildi. Türk naşirlər və yazarlara yasaq gətirib, təzyiq edib, tutub və həbs ediblər. Bunlar türk dilində normal kitablar nəşr edirdilər. Siyasi kitablar deyil, hekayə, şeir kimi kitablar.”

Bütün bunlara baxmayaraq, Ələmdar hesab edir ki, İran hakimiyyəti türkcə kitabların nəşrinə tamamilə qadağa qoya bilməz.

“Bunun yüzdə yüz qarşısını ala bilməzlər. Tamamən qarşısını alsalar, üsyan daha da alovlanar. Onun üçün bir kəsim naşirlərin kitablarını təhlükəsizlik qüvvələri tərəfindən didik-didik araşdırır, axtarır, baxdırırlar. Lazim gördükləri yerləri kəlməsinə qədər, nöqtəsinə qədər dəyişdirirlər. Buna baxmayaraq, bu qədər təzyiqdən və basqıdan keçən naşirləri də Təbriz Kitab Sərgisinə almaq istəmirdilər. Səbəbi budur ki, dövlət bizim ana dilimizdə kitabların sərgilənməsini istəmir. Bilir ki, sərgiləndiyi zaman millət o pavilyona, o bölümə axın edəcək. Orada bir-birilərini görəcəklər. Öz naşirlərindən himayə edəcəklər və bunlar güclənəcəklər,” Bulut Ələmdar əlavə edir.

Şərhlərə bax

XS
SM
MD
LG