Accessibility links

Cəmil Həsənli: Azərbaycan strateji tərəfdaşlıq sazişini imzalamağa hazır deyil


Cəmil Həsənli: Azərbaycan strateji tərəfdaşlıq sazişini imzalamağa hazır deyil
please wait

No media source currently available

0:00 0:08:55 0:00

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Avropa İttifaqı ilə imzalanacaq sazişdə insan hüquqlarını prioritet hesab etdiyini bildirib.

Amerikanın Səsi: Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısı olub. Azərbaycan prezidenti də Brüsseldə Avropa İttifaqı rəsmiləri ilə əlaqələri müzakirə edib. Milli Şura bu görüşlərin nəticələrindən nə gözləyir?

Cəmil Həsənli: Doğrusu, Milli Şura olaraq bu görüşlərin nəticələrindən elə ciddi bir şey gözləmirik. Bizim gözləntimiz ondan ibarət idi ki, Azərbaycan Avropa İttifaqı ilə assosiasiya sazişinə razılıq verəcək və assosiasiya sazişi çərçivəsində əməkdaşlıq edəcək. Azərbaycan hakimiyyəti assosiasiya sazişindən yayındı və bunu strateji tərəfdaşlıq sazişi ilə əvəz etməyə cəhd göstərdi. Amma strateji tərəfdaşlıq sazişinin də imzalanma mərasimi olmadı. Məlum olduğu kimi, Azərbaycan tərəfi strateji tərəfdaşlıq sazişini də imzalamağa hazır deyil. Yəni, bu gün dünyadakı şərtlər elədir ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişi imzalamağa mane olan şərtlərin, manelərin böyük əksəriyyəti aradan qalxıbdır. Amma Azərbaycan hakimiyyəti özündə güc tapıb bu addımı ata bilmir. Bu saziş, bu səfərlər deklarativ xarakter daşıyır. Bu, Şərq Tərədaşlığının 10 illiyinin qeyd edilməsi ilə bağlı idi. Tək Azərbaycan yox, Şərq Tərəfdaşlığını imzalayan bütün ölkələrin xarici işlər nazirləri və ölkə başçıları həmin tədbirdə iştirak edirdi. Doğrusu bizim ciddi bir gözləntimiz yox idi və biz bilirdik ki, saziş də imzalanmayacaq. Ona görə də, bu, sıradan olan bir görüşdür. Yenə də əsası olmayan vədlər və Azərbaycan haqqında doğru-dürüst olmayan məlumatların Avropa İttifaqının tribunasından elan edilməsi kimi bir şeylərin şahidi olduq.

Azərbaycan hakimiyyəti assosiasiya sazişindən yayındı və bunu strateji tərəfdaşlıq sazişi ilə əvəz etməyə cəhd göstərdi. Amma strateji tərəfdaşlıq sazişinin də imzalanma mərasimi olmadı.

Amerikanın Səsi: Sizcə Avropa İttifaqının Azərbaycanla münasibətlərində insan hüquqlarının və fundamental azadlıqların müdafiəsi nə dərəcədə önəmli yer tutur?

Cəmil Həsənli: Əlbəttə, baxır kimin üçün. Avropa İttifaqı üçün bunun önəmi şübhəsizdir. Çünki Avropa İttifaqının öz dəyərləri var, öz prinsipləri var. Bütövlükdə Avropa İttifaqı insan haqları və vətəndaş hüquqlarının qorunmasını önə çıxarır. Buna prioritet verən bir təşkilatdır. Baxmayaraq ki, Avropa İttifaqının beynəlxalq ticarət ilə bağlı, işgüzar münasibətlərlə bağlı, əlverişli ticarət şəraitinin yaradılması ilə bağlı, iqtisadi əlaqələrlə bağlı, Dünya Ticarət Təşkilatına üzvülüklə bağlı və digər bu kimi sahələrlə bağlı çox önəmli üstün tutduğu prinsiplər də var. Amma bu prinsiplərin hamısının önündə insan haqqları ilə bağlı məsələ dayanır. Əgər xatırlayırsınızsa, bir il bundan əvvəl, 2018-ci ilin iyul ayının 4-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etmişdi. Həmin qətnamədə, əgər biz, o bəndlərə diqqət yetirsək böyük hissəsi insan hüquqları ilə bağlıdır. Siyasi məhbus məsələsinin həll edilməsi, insan hüquqlarına hörmət edilməsi, məhkəmələrin müstəqilliyi kimi məsələlər var idi. Azərbaycanda işgəncələrə son qoyulması, hətta korrupsiya ilə bağlı bənd var idi ki, o özü də, insan haqlarının bir hissəsidir. Çünki Azərbaycanda korrupsiya elə bir həddə gəlib çatıb ki, insan haqlarını təhdid edir. Məsələn, korrupsiya pulları ilə vaxtı ilə, 2013-cü ildə Avropa Şurasında Ştrasserin məruzəsini (Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş mərzuəçisi Kristofer Ştrasser-red) keçməyə qoymadılar. Onu önlədilər.

Milli Şura Avropa İttifaqı ilə hər hansı bir saziş bağlanmazdan öncə bütün siyasi məhbusların azad olunmasını tələb edir.
Milli Şura Avropa İttifaqı ilə hər hansı bir saziş bağlanmazdan öncə bütün siyasi məhbusların azad olunmasını tələb edir.

Amerikanın Səsi: Azərbaycan hökuməti Avropa İttifaqında bildirib ki, fundamental azadlıqları tam təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirir, yeni ədliyyə islahatları hazırlayır. Hökumətin apardığı islahatların effektivliyi barədə nə deyə bilərsiniz?

Cəmil Həsənli: Bir ölkədə nə qədər ədliyyə islahatı keçirilir? Vaxtı ilə ədliyyə islahatını böyük bir ədalətin bərpası kimi dünyaya təqdim edirdilər. Nəticəsi nə oldu? Nəticəsi, Azərbaycan insan haqlarına görə, insan azadlıqlarının qiymətləndirilməsinə görə yarım azad ölkədən azad olmayan ölkəyə gəlib çatdı. O, birinci ədliyyə islahatının nəticəsi bu formada acınacaqlıdır. Bu, dünyaya bəyan edilən yeni bir yalan proqramıdır. Azərbaycan hökuməti iqtisadiyyatla bağlı yol xəritələri hazılamışdı, bunun böyük bir təqdimatını da keçirmişdi və guya bununla iqtisadiyyatı inkişaf elətdirəcək. Hanı onlar? Hansı rəflərdə onları toz basıb? Yəni, bütün bunlar beynəlxalq ictimaiyyəti, beynəlxalq qurumları azdırmaq üçün, ölkədə guya islahat gedir kimi, bu kimi şeyləri inandırmaqdan ötrü bir spekulyativ addımlardır bunlar. Məhkəmə islahatı aparan bir ölkədə son 2-3 ildə 30 nəfərə yaxın Azərbaycan vətəndaşı məhkəməsiz, istintaqsız terrorist adı ilə güllələnib. Əgər, hansısa bir ölkə məhkəmə islahatına hazırlaşırsa, ən azından bu addımlardan çəkinməlidir. Təəssüflər olsun ki, biz bunu müşahidə etmirik.

Amerikanın Səsi: Milli Şura Avropa İttifaqı ilə imzalnacaq saziş layihəsinə təkliflərini verib. Avropa İttifaqı və ya Azərbaycan hökuməti Milli Şuranın təkliflərinə münasibət bildiribmi? Təklifləriniz nəzərə alınmasa hansı adımlar atacaqsınız?

Bizim istəyimiz ondan ibarətdir ki, insan hüquqları ilə bağlı çox ciddi fəlakətli bir vəziyyətin yarandığı Azərbaycanda, bu saziş müəyyən bir dəyişikliyə gətirib çıxarsın

Cəmil Həsənli: Avropa təşkilatları üçün bilirsiniz ki, insan haqları prioritet sahədir. Və bu prioritet sahədən Azərbaycan vətəndaşları niyə yararlanmasınlar? Məsələn, bizim istək və arzularımız ondan ibarətdir ki, bu strateji tərəfdaşlıq sazişinin digər blokları assosiasiya sazişindən geri qala bilər. Amma onun insan haqları ilə bağlı hissəsi o assosiasiya sazişində olduğu kimi olmalıdır. Çünki gerçəkdən, insan haqları ilə bağlı ölkəmizdə vəziyyət fəlakətli həddədir. Siyasi məhbuslarla bağlı, bilirsiniz, əfv fərmanının verilməsinə baxmayaraq, bu günləri, onların sayı 100-ün ətrafında ləngər vurur. Məhkəmələr tərəfindən qanunun pozulması və siyasi mülahizələrə görə insanların təqib edilməsi davam edir. Mən ayrı-ayrı faktların üzərində dayanmıram. Sizin izləyicilərə də bəllidir. İstintaq orqanlarında işgəncə laboratoriyalarının yaradılması və işgəncələr hesabına insanların etmədiyi əməllərinə görə ifadələrin alınması. Yəni bizim istəyimiz ondan ibarətdir ki, insan hüquqları ilə bağlı çox ciddi fəlakətli bir vəziyyətin yarandığı Azərbaycanda bu saziş müəyyən bir dəyişikliyə gətirib çıxarsın və Avropa xalqlarının heç olmasa ən elementar insan hüquqlarını Azərbaycan vətəndaşları da öz həyatlarında hiss etsinlər.

XS
SM
MD
LG