Accessibility links

Urmiyə Gölü ilə bağlı yeni sosial media kampaniyası başladılıb


İslahatçı və mühafizəkar siyasətçilər Urmiyə Gölünü canlandırma layihələrinin uğursuz olması ilə bağlı bir-birlərini günahlandırarkən, minlərlə sosial media istifadəçisi yeni bir kampaniya başladaraq diqqətləri İran Azərbaycanında yaşanan ekoloji faciəyə yönəltməyə çalışır.

Mühafizəkar qanada mənsub millət vəkilləri və yerli məsullar prezident Həsən Ruhaninin Urmiyə Gölünün canlandırılmasına dair verdiyi vədlərə əməl etmədiyini önə çəkirlər.

Hazırda Urmiyə Gölü ilə bağlı əsas problem lazımi vəsaitin təmin olunmamasıdır. Təəssüf ki, bu günə qədər Urmiyə Gölünü canlandırmaq üçün ayrılmış büdcə yetərli olmayıb.
İsa Kəlantəri

Hökümət nümayəndləri isə canlandırma layihələrinin uğursuz olduğunu qəbul etsələr də, imkanların məhdud olduğunu irəli sürürlər.

Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri layihələr üçün yetərli büdcə ayrılmadığından şikayətlənir.

“Hazırda Urmiyə Gölü ilə bağlı əsas problem lazımi vəsaitin təmin olunmamasıdır. Təəssüf ki, bu günə qədər Urmiyə Gölünü canlandırmaq üçün ayrılmış büdcə yetərli olmayıb,” deyə İsa Kəlantəri bu yaxınlarda mətbuata bildirib.

İsa Kəlantəri eyni zamanda Həsən Ruhani höküməti tərəfindən ətraf mühitin mühafizəsi təşkilatına sədr təyin edilib. O, ümumiyyətlə hökümətin maliyyə mənbələrinin məhdud olduğunu və xüsusilə ətraf mühiti qorumaq üçün çox kiçik bir vəsaitin ayrıldığını qeyd edib.

Yanvarın 5-də başladılan yeni kampaniyaya qatılanlar türk, fars və ingilis dillərində müxtəlif hashtaglər ilə media və beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışırlar. İngiliscə #Save_Lake_Urmia ən çox istifadə edilən hashtaglərdən biridir.

Əksəriyyəti İran Azərbaycanından olan Twitter istifadəçiləri, o cümlədən türk fəallar dövlət və hökümətin əsasən Urmiyə Gölü böhranını çözməyə niyyətlərinin olmadığını önə çəkirlər.

Bir istifadəçi yazıb: “Dilimizi, kimliyimizi, tariximizi baltaladılar. Yıxılmadıq. Yöntəm dəyişdirdilər. İndi sıra gölümüzdə.”

Sosial media paylaşımlarının bir çoxu Urmiyə Gölü ilə əlaqədar gələcək nəslin suallarına veriləcək cavablar ilə bağlıdır.

Başqa bir istifadəçi fars dilində belə yazıb: “İran xəritəsinin üst bucağında bir gözyaşı damlası gözəlcə cilvələnirdi. Onu qurutdular.”

Bu günlərdə həmçinin Urmiyə Gölü ətrafında yerləşən bəzi şəhərlərin millət vəkilləri, habelə Şərqi Azərbaycan vilayətindən bir qrup siyasətçi İranın ali ruhani liderinə məktub ünvanlayaraq Urmiyə Gölünə diqqət yetirməsini xahiş ediblər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG