Accessibility links

Ceff Qoldsteyn: Azərbaycan yanlış istiqamətdə addımlar atır (VİDEO)


Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə siyasi təhlilçisi Ceff Qoldsteyn Amerikanın Səsinə müsahibədə Azərbaycandakı siyasi durumla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın demokratiya və insan haqları sahəsində göstəriciləri qeyri-məqbuldur.

Sual: Azərbaycanda demokratiya və aşkarlıqla bağlı hazırkı situasiyanı necə dəyərləndirirsiniz? Başqa Cənubi Qafqaz dövlətləri ilə müqayisədə Azərbaycanın göstəriciləri necədir?

Cavab: Deməliyəm ki, son bir neçə ildə Azərbaycan yanlış istiqamətdə böyük addımlar atıb. Biz məhdud müstəqil mətbuata qarşı hücumların, hakimiyyət dönəminə qoyulan limitin sonunun şahidi olmuşuq. Ümumən plüralizmin dərəcəsi azalmaqdadır və hökumət fərqli baxışların ifadə olunmasına şərait yaratmır. Beynəlxalq mətbuat azadlığı günündə aparıcı beynəlxalq qurumlar Azərbaycanı tənqid etdilər, və biz bütün bu baxışları paylaşırıq.

Sual: Azərbaycan Avropada ən iri mahnı müsabiqəsi sayılan Eurovision yarışına ev sahibliyi etməyə hazırlaşır. Bu törən ərəfəsində bir neçə insan haqları təşkilatları Azərbaycanın göstəricilərini tənqid ediblər. Siz inanırsınızmı ki, Eurovision ölkədə siyasi ab-havanın yaxşılaşmasına töhfə verə bilər?

Cavab: Zənnimcə o, artıq bunu edib. Əgər siz Avropaya baxsanız, 6 ay bundan öncə mən Azərbaycanda demokratiya çatışmazlığı yaxud insan haqları pozuntusu ilə bağlı yazıya rast gəldiyimi xatırlamıram. Amma indi hər yerdə Azərbaycana dair yazılar dərc olunur və onların hamısı Eurovision-la əlaqəlidir. Bu, birbaşa olaraq hökumətin öz siyasətini dəyişməsi ilə nəticələnməyib. Amma artan sayda adamlar problemin nə dərəcədə böyük olduğunu anlamağa başlayırlar. Vaxt keçdikcə, bu, Avropa hökumətlərini Azərbaycanda islahatlarla bağlı daha tələbkar olmağa sövq edəcək.

Sual: Ötən il Ərəb Baharı və xalq üsyanları ilə yadda qaldı. Azərbaycanda da son zamanlar müxalifətin fəallığını artırması müşahidə olunur. Siz yaxın vaxtlarda Azərbaycanda nəyi görməyi arzulayardınız?

Cavab: Zənnimcə, birinci atılmalı olan addım fundamental hüquqların – toplaşma azadlığının, söz azadlığının v siyasi iştirak azadlığının - təmin olunmasıdır. Biz onu da bilirik ki, Eurovision ərəfəsində yeni binalara yer qazanmaq üçün bəzi sakinlərin mülkləri sökülmüşdü. Və bu adamlar söküntüyə görə adekvat kompensasiya almadıqlarını deyirlər. Bu, elə bir problemdir ki, hökumət bunu dərhal həll edə bilər.

Sual: Niyə görə Azərbaycan kimi əksər sabiq Sovet ölkələri Şərqi Avropa və Baltikyanı dövlətlərlə müqayisədə demokratiyaya keçiddə bu miqyasda çətinliklərlə üzləşirlər?

Cavab: Mən Polşada və Estoniyada işləmişəm və deyə bilərəm ki, bu ölkələr arasında çoxlu tarixi fərqlər var. Əvvəla həmin ölkələr başqa Sovet respubliakları ilə müqayisədə Sovet İttifaqının tərkibində 30 il az olublar. Onların müəyyən müstəqil dövlətçilik ənənəsi olub. Düzdür, bu, Azərbaycanda da olub, amma çox qısa –Birinci Dünya Müharibəsindən sonra cəmi iki il. Bir də, həmin ölkələrin Avropa İttifaqına daxil olmaq perspektivləri onlardan müəyyən addımlar atmağı tələb edirdi. Məsələn, götürək Qarabağ problemini: 1990-cı illərin əvvəllərində Macarıstanla Rumıniya arasında münasibətlər yaxşı deyildi. Amma onlar avroməkana inteqrasiya xatirinə bu problemi həll etməyə məcbur oldular. Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin həllinə gəldikdə isə belə bir insentiv yoxdur.

XS
SM
MD
LG