Accessibility links

Cəmil Həsənli AŞ-nin insan haqları komissarı ilə görüşüb


Cəmil Həsənli Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muizneks ilə görüşüb
Cəmil Həsənli Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muizneks ilə görüşüb

Görüşdə prezident seçkiləri və siyasi məhbus məsələləri müzakirə edilib

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Avropaya səfəri davam edir. O oktyabrın 17-də Strasburqda Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muizneks ilə görüşüb.

Cəmil Həsənli bildirib ki, Azərbaycan müstəqillik dövründə ilk dəfə olaraq prezident seçkilərini 140-dan çox siyasi məhbusu olan ölkə kimi keçirib.

O, REAL hərəkatının rəhbəri İlqar Məmmədov, Müsavat partiyasının rəhbərliyində təmsil olunan Tofiq Yaqublu və Yadigar Sadıqov, jurnalistlər Pərviz Həşimli, Əvəz Zeynallı və Hilal Məmmədov, tanınmış vəkil Qurban Məmmədov, Nemət Pənahlı, ilahiyyatçı Taleh Bağırzadə və habelə NİDA gənclər hərəkatının fəallarının saxta ittihamlarla həbs olunduğunu bildirib, komissarın bu həbslərə xüsusi diqqət ayırmasını xahiş edib.

Cəmil Həsənlinin Avropaya səfəri
Cəmil Həsənlinin Avropaya səfəri
Həsənli Azərbaycanda siyasi cəhətdən fəal olan şəxslərə və xüsusilə gənclərə qarşı narkotika ittihamının, insanların evinə və maşınına silah atılmasının kütləvi xarakter almasından narahatçılığını bildirib.

AŞ İnsan Haqları Komissarı Nils Muizneks siyasi məhbusların işləriylə yaxından tanış olduğunu və onları diqqət mərkəzində saxladığını söyləyib.

O bu ilin mayında Bakıya səfəri zamanı Kürdəxanı təcridxanasında İlqar Məmmədov və NİDA-çı gənclərlə görüşdüyünü, bu həbslərin qeyri-qanuni olduğunu və heç bir hüquqi əsasa söykənmədiyini bir daha vurğulayıb.

Sonra müzakirələr 9 oktyabrda keçirilmiş prezident seçkilərindəki saxtakarlıqlar ətrafında davam etdirilib və Nils Muizneks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəyininin ATƏT-in müşahidə missiyasının rəyindən fərqlənməsinə öz təəssüfünü bildirib.

Cəmil Həsənli seçkilər zamanı Azərbaycan vətəndaşlarının seçki hüququnun kobud şəkildə pozulduğunu, xalqın öz iradəsini azad şəkildə ifadə edə bilmədiyini, informasiya məhəl qoyulmadığını, bütövlükdə 9 oktyabrda seçki adı altında hakimiyyətin mənimsənilməsinin baş verdiyini deyib.

Görüşdə həmçinin seçkilərin nəticəsinin bir gün əvvəl elan olunması (AppGate qalmaqalı), onun legitimliyinin şübhə altına alınması üçün yetərli olduğu qeyd olunub.

Görüşdə son olaraq noyabr ayında Vilnüsdə keçiriləcək Avropa Birliyi və Azərbaycanın da daxil olduğu keçmiş sovet ölkələri arasında assosiativ üzvlüklə bağlı toplantıda qoyulacaq öhdəliklər arasında insan haqları və azad seçki kriteriyasının daha açıq şəkildə vurğulanmasının zəruriliyi ifadə olunub.
XS
SM
MD
LG