Bir həftədən çox müddət ərzində ictimaiyyət arasında görünmədikdən sonra ABŞ Dövlət katibi Con Kerri sağ ayağının müalicə edildiyi Boston xəstəxanasından Tvitter sosial şəbəkəsində səhhəti ilə bağlı məlumat bölüşüb.
Con Kerrinin sosial şəbəkədə mesajı onun sağlıq durumunun yaxşı olması və yüksək səviyyəli rəsmilərlə telefon vasitəsilə daim əlaqə saxlamasına işarə kimi qiymətləndirilir.
Dövlət Departamentinin sözçüsü Ceff Ratke Con Kerrinin Masaçusetts ştatında xəstəxanada olduğunu deyib, lakin onun nə zaman oradan çıxacağı barədə məlumat verməyib.
Con Kerrinin Tvitter mesajı onun mayın 31-də velosiped qəzasından sonra ictimayyət arasına çıxmaması ilə bağlı Dövlət Departamentinin brifinqləri zamanı verilən suallara reaksiya kimi qiymətləndirilir.
Dövlət Departamenti bildirib ki, Kerri İranın nüvə danışıqları üçün nəzərdə tutulmuş vaxt cədvəlinə vədinə sadiq qalır.
İqtisadi sanksiyaların aradan qaldırılması qarşılığında İranın nüvə proqramını dayandırmasına dair yekun razılığı müzakirə edən tərəflər razılığın əldə edilməsi üçün iyunun 30-na qədər vaxt qoyub.