Accessibility links

ABŞ Konqresində Qarabağdakı situasiyaya dair dinləmə keçirilib


Congress
Congress

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Laçın yolundakı vəziyyətlə bağlı dinləmə keçirilib.

Dinləmədə şahid qismində Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Corctaun Universitetinin professoru Deyvid Fillips çıxış edib. Dinləməyə ABŞ konqresmeni Kristofer Smit moderatorluq edib.

Kristofer Smit bildirib ki, Qarabağda etnik ermənilərin ərzaq və dərmanlara çıxışının qarşısı alınıb və onlar “Azərbaycan hökuməti tərəfindən acından öldürülür.”

Kris Smit
Kris Smit

“Bu dəhşətli cinayət, bu soyqırım cinayəti Azərbaycan hökuməti, yəni Azərbaycanı dikator kimi dəmir yumruqla idarə edən Prezident Əliyev tərəfindən planlaşdırılıb, sınaqdan keçirilib və icrasına başlanılıb,” konqresmen deyib.

Smit Konqresdə yeni “Dağlıq Qarabağ İnsan Hüquqları Aktı” adlı yeni qanun layihəsini təqdim etməyə hazırlaşdıqlarını bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti Azərbaycan və Ermənistan liderləri ilə müzakirələr apardığı bir vaxt, Konqres “soyqırımın baş verib-vermədiyini, ABŞ-ın Soyqırım Konvensiyası altında bunun qarşısını almaq öhdəliyinin nə olduğunu və ABŞ-ın vasitəçilik rolunu öz üzərinə götürməsindən irəli gələrək konvensiyaya əsasən soyqırımda əlbir olmaqda təqsirli olmaması üçün, bunun qarşısını almaq məqsədilə əlavə məsuliyyət və öhdəliyinin olub-olmadığını sual etməlidir.”

O, Dövlət Departamentinin dövlət katibi Blinkenin sentyabrın 1-də Prezident Əliyevlə telefon danışığı barədə yaydığı məlumata istinad edərək bildirib ki, dövlət katibi pisləşən humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edib və Laçın yolununun yenidən açılmasına dair çağırışı təkrarlayıb, dialoq və kompomisin vacibliyini vurğulayıb.

“Bu, tamamilə qeyri-adekvatdır və mən inanıram ki, təhqiredicidir. Çünki bir tərəf digərinə qarşı soyqırım edir, Dövlət Departamenti isə narahatlığını ifadə edir və qurbanı dialoq və kompromisə çağırır.”

O, Bayden administasiyasını üzərinə düşən mütləq və ciddi məsuliyyəti dərk etməyə və “dərhal humanist həllin tapılmasına və həyata keçirilməsinə” diqqət yetirməyə çağırıb.

Luis Moreno Okampo deyib ki, ABŞ Azərbaycan və Ermənistan kimi Soyqırım Konvensiyasının üzvüdür və bununla da soyqırımın qarşısını almaq və cəzalandırmaq öhdəliyi var.

O bildirib ki, ABŞ hazırda Azərbaycan və Ermənistan arasında vasitəçilik edir, ancaq onun sözlərinə görə, “Prezident İlham Əliyev soyqırımdan danışıq üsulu kimi istifadə etdiyi üçün,” ABŞ bu danışıqlarda iştirak etməməlidir.

“Belə ki, əgər ABŞ Prezident Əliyevin soyqırımdan istifadə etdiyini bilirsə, ABŞ-ın soyqırımı inkar etmək üçün göstərdiyi yardım əlbir olmaq sayıla bilər.”

Corctaun Universitetinin professoru Deyvid Filips Azərbaycan hökumətinə sanksiyaların tətbiq olunmasına çağırıb ki, “buna Azadlığa Dəstək Aktına 907-ci düzəlişin, humanitar yardım dəhlizi aktının və Qlobal Maqnitski aktı altında sanksiyaların tətbiqi daxildir.”

O, həmçinin bildirib ki, əgər Laçın yolundakı vəziyyət yaxın zamanda kəskin şəkildə dəyişməsə, “ABŞ və müttəfiqləri ermənilərə özlərini müdafiə etmələri üçün vasitələr verməli və tarixin təkrarlanmaması üçün soyqırımın qarşısını almaq vəzifəsini yerinə yetirməlidirlər.”

Azərbaycan hökumətinin əvvəllər Ermənistanın Qarabağa təmas xətti olan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmasından sonra rəsmi Yerevan və Qarabağ erməniləri regionun blokadaya düşdüyünü və ərazidə humanitar böhran yarandığını bildirir. Onların sözlərinə görə, Ermənistandan gələn yüklərin əraziyə buraxılmaması Qarabağda həyat əhəmiyyətli ərzaq və dərman çatışmazlığına yol açıb.

Azərbaycan hökuməti Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qurulmasını özünün suveren hüququ kimi dəyərləndirib və erməni tərəfini əvvəllər yoldan sui-istifadə edərək əraziyə minalar, hərbi heyət və silah daşımaqda günahlandırıb.

Azərbaycan Qarabağ ermənilərinin ehtiyaclarının ödənməsi üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib və onun Qarabağa yolladığı humanitar yardım maşınları hazırda əraziyə buraxılmır.

Okamponun Azərbaycan hökumətinin ünvanına səsləndirdiyi tənqidlərə cavab olaraq rəsmi Bakı beynəlxalq hüquq üzrə ekspert kimi tanınan Rodni Dikson KC-yə müraciət edib.

Avqustun 14-də dərc etdiyi ilkin müşahidələrində Dikson Luis Moreno Okamponun Azərbaycan hökumətinə qarşı irəli sürdüyü soyqırım iddialarını əsassız və qərəzli adlandırıb.

Diksonun sözlərinə görə, Okamponun öz rəyində qeyri-qanuni qurum olan "Artsax" ifadəsindən istifadə etməsi və haştaqlardan istifadə edərək siyasi çağırışlar səsləndirməsi onun bu məsələdə bitərəf mövqeyini sual altına alır. Əlavə olaraq, Dikson Okamponun beynəlxalq hüquq çərçivəsində tanınmış soyqırım tərifinə daxil olan fiziki dəlillər gətirmədiyini və Beynəlxalq Ədalət Məhkəməsinin prosedurunu təhrif etdiyini bildirib.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG