Accessibility links

Obama: Dağlıq Qarabağ danışıqlarında yeni səylərin göstərilməsi vaxtı yetişib


Barak Obama Azərbaycan prezidentinə məktub göndərib.Minsk qrupunun yeni amerikalı həmsədri Bakıda danışıqlar aparır

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Obama Bakıya ilk rəsmi səfəri münasibətilə ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyini Azərbaycan prezidentinin diqqətinə çatdırıb.

“Onun bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir.

Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib.
Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcək.

Mən gələn aylar ərzində Ermənistanla birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm.

Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib”. Amerika prezidenti məktubunda qeyd edir.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfir Ceyms Vorlik ATƏT-in Minsk Qrupunun ABŞ həmsədri kimi yeni vəzifəsində bu gün Bakıya səfər edib.

Xəbərdə deyilir ki, səfir Vorlik prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla davamlı sülh prosesini, müdafiə naziri Səfər Əbiyevlə təhlükəsizlik durumunu müzakirə edib.

Yeni həmsədr görüşlərində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərə yardım etmək istəyini və ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya və Fransa ilə birgə işləmək öhdəliyini bir daha vurğulayıb.

Səfir Vorlik regionda məsləhətləşmələri davam etdirmək üçün sentyabrın 10-da İrəvana səfər edəcək.
XS
SM
MD
LG