Hüquq müdafiəçilərinin bildirdiyinə görə, türk fəal Davud Şiri Təbriz İnqilab Məhkəməsi tərəfindən 3 il həbsə məhkum edilib.
Güney Azərbaycan Televeziyası (Günaz TV) və HRA agentliyi bu haqda məlumat yayıblar.
Davud Şiri bir çox digər fəalla birlikdə 2019-cu ilin noyabr ayında Təbrizdə təşkil olunan kütləvi etirazlar zamanı nəzarət altına alınmışdı.
Təbriz İnqilab Məhkəməsi siyasi fəalı “rejimə qarşı təbliğat” və “GAMAC adlı təşkilata üzv olmaq” ittihamı ilə mühakimə edib. HRA agentliyinin xəbərinə görə, Şiri “rejimə qarşı təbliğat” ittihamından bəraət qazanıb.
Davud Şiri keçən ilin noyabr ayında artan benzin qiymətinə qarşı etirazlara qatılmaq ittihamı ilə saxlanılıb və bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.