Koronavirus pandemiyası Demokrat Partiyasını Viskonsin ştatının Milvoki şəhərində keçirilməsi planlaşdırılan qurultayın təxirə salınmasına vadar edib. Bunun yerinə siyasətçilər, məşhurlar və ölkənin müxtəlif bölgələrindən insanların əvvəlcədən lentə alınmış və canlı çıxışları ilə virtual tədbir təşkil edilib. Partiya daxilində birliyə səsləyən demokratlar vitual qurultayın ilk gecəsi ABŞ boyu seciçilərə müraciət edib. Sabiq vitse-prezident Co Bayden və onun vitse-prezidentliyə nominasiya etdiyi Kamala Harrisin namizədliyi bu həftə səsverməyə çıxarılacaq.
Fövqəladə vəziyyətdə təşkil edilən presidentsiz tədbir Hollivud ulduzu Eva Lonqoria Bastonun ev sahibliyi ilə keçirilib.
İrqçiliklə bağlı gərginliklər ölkədə parçalanma yaradıb. Bu fikri Vaşinqton şəhərinin meri də daxil olmaqla, bir çoxları səsləndirib.
“Bir neçə həftə bundan əvvəl amerikalılar maska taxaraq Corc Flordun ölümünə dinc etirazlarını bildirdilər”, mer Mürel Bauzer bildirib.
Qurultayın atributları eyni olsa da, insanlar uzaqdan çıxış edib. Sabiq birinci xanım Mişel Obama da daxil olmaqla, bir çoxlarının çıxışı əvvəlcədən lentə alınıb.
“Mən Conu tanıyıram. O, inamla irəliləyən dərin düşüncəli insandlr. O, bir vitse-prezident kimi də çox yaxşı idi. O, iqtisadiyyatı xilas edəcək, pandemiyanı dayandıracaq və ölkəni idarə edəcək bir insandır.”
Prezidenti məğlub edəcəklərinə ümid edən demokratlar üçün həlledici məqam Vermont ştatından senator Berni Sanders ətrafında toplaşan proqressivlərin dəstəyidir.
“Biz son 100 ilin ən ağır ictimai səhiyyə böhranı və Böyük Depressiya dövründən sonra ağır iqtisadi durumla üzləşmişik. Biz irqçiliyə müqavimət göstərəcək, planetimizin məruz qaldığı iqlim dəyişikliyi ilə mübarizə aparacağıq. Bütün bunlarla yanaşı nəinki böhranlara cavab verəcək, bizi avtoritarizmə sürükləyən bir prezidentimiz var”, demokrat senator Sanders deyib.
Mötədil respublikaçılar və müstəqil seçicilərin də dəstəyi mühüm hesab edilir. Ohayo ştatının sabiq qubernatoru Con Kasiç də dəstəyini Baydenə verib.
“Mən ömür boyu respublikaçı olmuşam. Lakin bu, ölkəm qarşısındakı cavabdehliyim baxımından ikinci planda yer alır. Buna görə bu qurultayda iştirak etmək qərarı verdim.”
Seçkilərə 3 aydan az müddət qaldığı bir vaxtda hər iki tərəfin pandemiya vaxtında qarşılaşdığı sınaq namizədlər ətrafında həyəcan yaratmaqdır.