Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini İntiqam Əliyevi azad etməyə çağırıb


Marie Harf
Marie Harf

“Biz aprelin 22-də Azərbaycan məhkəməsinin hüquqşünas İntiqam Əliyevi şübhəli ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum etməsindən və vəzifə tutmasına 3 illik qadağa qoymasından narahatıq”. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün vəzifəsini icra edən Marie Harf bildirib.

“Ölkənin ən tanınmış insan haqları müdafiəçilərindən olan, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri cənab Əliyev Azərbaycanda hüququn aliliyi və dinc fəalların müdafiəsi üçün çox işlər görüb. O, Avropa İnsan Haqları Məhkəməsinə yüzlərlə iş göndərib və çoxunda qələbə qazanıb” - deyə o qeyd edib.

Intiqam Əliyev ( Foto Aynur İmranovanın facebook shifəsindən götürülüb)
Intiqam Əliyev ( Foto Aynur İmranovanın facebook shifəsindən götürülüb)

“Biz Azərbaycan hökumətini İntiqam Əliyevi və fundamental azadlıqlardan istifadəyə görə həbs edilmiş digər fəalları azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini beynəlxalq sazişlər çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarını təmin etməyə çağırırıq”, Marie Harf deyib.

Öz növbəsində, Dövlət Departamentinin bəyanatını Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edərkən bilidirib ki, İntiqam Əliyevin həbsinin insan hüquqları müdafiəsi ilə hər hansı əlaqəsi yoxdur.

“İntiqam Əliyev vergidən yayınmaq və digər qanunazidd əməllərinə görə ittiham olunub, qanunun aliliyinin ifadəsi kimi, məhkəmənin qərarı ilə bu cinayət təsbit olunub. Bunun insan hüquqları fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

Cənab Hacıyev hesab edir ki, peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur.

"Görünür ki, digər ölkələrdən fərqli olaraq, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarı böyük diqqətlə izlənilir. Bu, minvalla davam etdiyi təqdirdə, ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə münasibət bildirməsini gözləmək olar", o qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 22-də İntiqam Əliyevi 7 il 6 ay həbsə məhkum edib. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunur. Cənab Əliyev ittihamları qəbul etmir və siyasi sifariş sayır.

Hüquq müdafiəçisinin məhkməsi Azərbaycanda akreditasiya olunmuş bir sıra beynəlxalq təşkilatlar, Avropa ölkələri və ABŞ səfirliyinin əməkdaşları tərəfindən sonadək müşahidə edilib. Məhkəmənin hökmü beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, vətəndaş cəmiyyətləri tərəfindən kəskin tənqidlərlə qarşılanıb.

“Amnesty International” (Beynəlxalq Əfv) təşkilatı İntiqam Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.​

XS
SM
MD
LG