Accessibility links

‘Gərək Hirslənəm!’ - Zəlzələdə ölən kiçik Zəhranın sözləri sosial medianın gündəmində


Noyabrın 8-də Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdə ölən 10 yaşlı məktəbli Zəhra Abididən təqribən bir il əvvəl çəkilmiş bir video sosial medianın gündəmindədir.

Sosial mediada paylaşılan video keçən il İran televiziyası Şərqi Azərbaycan kanalının ‘Kəndimiz’ proqramında yayımlanıb.

Zəhra Abidi Miyana şəhərinin Vərənkeş kəndində yaşayırdı. O, videoda təhsil aldığı kəndin ibtidai məktəbinin problemlərini dilə gətirib, etirazını bildirir.

“Müəllimimiz yoxdur. Biz iki sinifliyik, dərs oxuyanmırıq. Biz əvvəldə çox qəşəng dərs oxurduq. İndi riyaziyyatımız hər nəmnəmiz gedibdi dalıya. İndi biz dərs oxuyanmırıq. İkinci və üçüncü sinif qarışıqdır. Bizim İctimai [dərsimiz] olanda ikinci sinifin Fars [dili dərsi] var. Müəllim gedib ikinci sinifə deyir, bizim İctimai [dərsimiz] qalırdı.”

“Sən niyə bu cür hirslisən?,” kəndimiz proqramının muxbiri Zəhradan soruşur. Zəhra cavabında deyir ki, “gərək hirslənəm da! Bilirsən, gərək mən gedəm məmləkətimi düzədəm.”

Bu günlərdə bir çox sosial media istifadəçisi zəlzələ ilə bağlı yazı və görüntüləri #GərəkHirslənəm haştaqı ilə paylaşır. Onlar həmçinin yazırlar ki, “arzularına çatmadan həyatını itirən” kiçik Zəhra etiraz və tənqidlərini “böyüklərdən daha gözəl və təsirli bir şəkildə” dilə gətirib.

Səccad Zeynalı adında bir istifadəçi Twitter hesabında belə yazıb: “Bir dənə firiştə (mələk) qızımız həyatını əldən verdi və bütün ümid və arzularını torpaq altına apardı. O, bizim yadımıza saldı ki, gərək səssiz qalmayaq və başardıqca ədalətsizliyə etiraz eyləyək.”

Zəlzələ nəticəsində Vərənkeş kəndində Reyhanə Qurbani adlı 13 yaşında başqa bir məktəb şagirdi də həyatını itirib.

XS
SM
MD
LG