Accessibility links

Qərbi Azərbaycanda edama məhkum edilən 22 müttəhim bağışlanıb


Qərbi Azərbaycan vilayətində qisasa məhkum olmuş 22 məhbus qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanaraq, dar ağacından xilas olublar.

Dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, Qərbi Azərbaycan ədliyyəsi başqanının müavini Murtəza Hatəmi bu haqda məlumat verib.

“Bağışlanıb sərbəst buraxılanların çoxu Miyandab (Qoşaçay), Mahabad (Savucbulaq) və Urmiyə şəhərlərindən olublar,” Murtəza Hatəmi bildirib.

İranın məhkəmə qurumlarının açıqlamalarına əsasən, son bir neçə ildə qətl ittihamı ilə edam (qisas) cəzası almış yüzlərlə məhkum qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək ölüm cəzasından qurtulublar.

Hüquq müdafiəçiləri qətl ittihamı ilə məhkum olanların əhali tərəfindən bağışlanma hallarının artmasını müsbət qarşılayırlar.

İnsan haqları üzrə fəaliyyət göstərən “İran HR” qrupunun bildirdiyinə görə, 2019-cu ilin ilk altı ayında İranda azı 110 edam hökmü tətbiq edilib. İran rəsmiləri sadəcə 37 edam haqqında məlumat veriblər. Digər edamlar gizli şəkildə həyata keçirilib.

İnsan haqları qrupları gizli edam halları haqda məlumatları digər məhbusların yaxınları və ya daha sonra sərbəst buraxılmış məhbusların vasitəsilə əldə edə bilirlər.

XS
SM
MD
LG