Accessibility links

“Elçin Sadıqovun işgəncə barədə məlumat verməsi nəinki onun hüququ, həm də vəzifəsidir”


Elçin Sadıqov
Elçin Sadıqov

Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan Vəkillər Kollegiyasını vəkil Elçin Sadıqova qarşı sanksiyanı aradan qaldırmağa çağırır.

Komissiya Elçin Sadıqova bu il fevralın 22-də Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə töhmət verilməsindən narahatdır.

“Vəkilin peşə mədəniyyətinə və məsuliyyətinə uyğun şəkildə icra etdiyi aktlara görə məsuliyyətə cəlb edilməsi vəkillərin müstəqilliyini və insan hüquqlarının qorunmasını təhlükə altına alır, Azərbaycanda vəkillərin vəzifələrini müstəqil həyata keçirməsinə təsir göstərir,” qurumun bəyanatında deyilir.

Yunis Səfərov -07.07.2018-ci ildə yerli televiziyada danışır
Yunis Səfərov -07.07.2018-ci ildə yerli televiziyada danışır

Elçin Sadıqov Gəncə şəhərinin icra hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin qətlində ittiham olunan Yunis Səfərovun vəkili olub.

Sadıqov müdafiə etdiyi şəxslə həbsxanada konfidensial görüş keçirib və müvəkkilinə məruz qaldığı işgəncə və ya pis rəftar barədə şikayət etmək hüququ var.

“Bir neçə gün sonra Baş Prokurorluq rəsmiləri vəkilin müvəkkilindən ona qarşı şiddət törədilməsi barədə şikayət etməyə razılıq almağa çalışmaqla qanun pozuntusuna yol verdiyini bildirib. 5 Sentyabr 2018-ci ildə Baş Prokurorluq Elçin Sadıqovun Səfərova vəkillik etmək hüququnu əlindən alıb və vəkilin intizam icraatına cəlb edilməsi üçün Vəkillər Kollegiyasına şikayət edib”, sənəddə qeyd edilir.

Vəkilin peşə mədəniyyətinə və məsuliyyətinə uyğun şəkildə icra etdiyi aktlara görə məsuliyyətə cəlb edilməsi vəkillərin müstəqilliyini və insan hüquqlarının qorunmasını təhlükə altına alır.
Beynəlxalq Hüquqşünaslar Komissiyası

Bəyanatda ehtimal edilir ki, hüquqşünas və müvəkkili arasında konfidensial görüş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınıb.

“Eyni zamanda Sadıqovun işində onun müvəkkilinin yazdığı məktuba istinad edilir. Sadıqovun müvəkkili məktubunda vəkilin ona şiddətə məruz qalması haqqında ifadə verməli olduğunu dediyini bildirir. Lakin Elçin Sadıqovun sözlərinə, görə bu məktub onun keçmiş müvəkkilinə işgəncə və təzyiq altında imzalatdırılıb.”

Beynəlxalq Hüquqşünaslar Komissiyası vəkillərin öhdəlikləri ilə əlaqədar BMT-nin əsas prinsiplərinə istinad edərək hüquqşünasların müştərilərinin maraqlarına həmişə hörmətlə yanaşmalı olduğunu bildirib.

“Bu prinsipə görə vəkillər öz müvəkkillərinə hər cür kömək etməyə və onun maraqlarını müdafiə etmək üçün qanuni tədbirlər görməyə kömək etməlidir. Hazırkı işdə Elçin Sadıqovun təqdim etdiyi şəkillərdən və videolardan Səfərovun şiddətə məruz qaldığı aydın göründüyü üçün vəkilin müvəkkilinə işgəncə barədə şikayət edə biləcəyi haqqında məlumat verməsi nəinki onun hüququdur, həm də onun vəzifəsidir. Vəkilin bunu etməməsi peşə etikasını və vəzifələrini pozması demək olardı. Beynəlxalq Hüquqşünaslar Komissiyası həm də hüquqşünasın müvəkkili ilə konfidensial görüş hüququnun pozulmasından narahatdır,” sənəddə qeyd edilir.

Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan Vəkillər Kollegiyasının vəkil Sadıqova qarşı sanksiyanı aradan qaldıraraq və hüquqşünasların həbsdə olan müvəkkilləri ilə konfidensial görüşlərinin praktikada təmin olunması üçün qanunvericiliyi və praktiki təkmilləşdirmələri nəzərdən keçirərək, müstəqil hüquqşünasların dəstəklənməsini vacib hesab edir.

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun vəkil olub. 2018-ci il sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.

Elçin Sadıqov Azərbaycanın Vəkillər Kollegiyasının Baş Prokuroluğun şikayəti qarşılığında onu müdafiə etməsindən təəssüfləndiyini bildirib.

“Baş Prokurorluğun məni dinləməsi və onun əsasında Vəkillər Kollegiyasına şikayət etməsi ilə əlaqədar bu gün mənə töhmət veriblər. Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər. Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi. Baş Prokurorluğun konfidensial görüşümüzün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırmadı və Rəyasət Heyəti ümumiyyətlə Yusif Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda Baş Prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamadı,” Elçin Sadıqov bildirib.

Vəkil son vaxtlar insan haqlarını müdafiə edən vəkillərə qarşı təzyiqlərin davam etdiyini qeyd edir.

Vəkillər Kollegiyasının rəhbərliyinin belə bir əsassız şikayətə xitam vermək əvəzinə məni cəzalandərması onu dəqiqliklə sübut edir ki, prokurorluğun bu qurumun rəhbərliyinə qarşı təyziq imkanları genişdir.
Elçin Sadıqov, vəkil

“Azərbaycan Höküməti insan haqlarının müdafiəsindən geri çəkilir və insan haqlarını müdafiə edənlərə qarşı total təqiblər həyata keçirir. Bundan başqa Vəkillər Kollegiyasının rəhbərliyinin belə bir əsassız şikayətə xitam vermək əvəzinə məni cəzalandərması onu dəqiqliklə sübut edir ki, prokurorluğun bu qurumun rəhbərliyinə qarşı təyziq imkanları genişdir,” o bildirib.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.

XS
SM
MD
LG