Türkiyədə mühacirətdə yaşayan Təbrizli yazar Ələsgər Haqdar Amerikanın Səsinə müsahibədə bu yaxınlarda fars dilində nəşr etdiyi “Türklük, Modernlik və Müasirlik” adlı kitabı haqqında danışıb.
Müasir tarix tədqiqatçısı yeni kitabında keçən əsr Azərbaycan və Türkiyədə mövcud olan Türkçülük düşüncələrinə yer verməklə bərabər, İran Azərbaycanında yaşayan türk cəmiyyətinin hazırkı durumu və orada cərəyan edən milli hərəkatın fikri əsaslarını dəyərləndirdiyini deyir.
Kitabda bir yandan türkçülüyün, digər yandan isə modernizmin tarixi zəminləri müzakirə edilib və Azərbaycanda məşrutə hərəkatı kimi siyasi dövrlərə işarə olunub.
Kitabın ünvanını şərh edən Haqdar xüsusilə modernlik və müasirlik məfhumlarına diqqət çəkir:
İran Azərbaycanında türklər əksəriyyətdədir. Amma onların yanında başqa etnik və dini azlıqlar da var. Mən bir türk olaraq, hüquqi baxımdan yaşadığım bu coğrafiyada digərlərini də vətəndaş kimi qəbul edə biləcəyəmmi?
“Mənim baxışıma görə, iki əsr əvvəl, modernlik elə həmin müasirlik idi. Bir çərçivə var idi. Sənaye inqilabı və dini islahat baş vermişdi. Amma bu gün o fikirlər inkişaf edib. Bunun nümunələrindən budur ki, Avropa mərkəzli olmaqdan çıxaraq, relyativizm və plüralizm məsələləri gündəmə gəlib... Mən bu səbəblə modernlik və müasirliyi fərqli bölmələrdə gətirmişəm.”
Güneyli araşdırmaçı deyir, “mən digər kitablarımda Azərbaycan Milli Hərəkatını tarixi və siyasi baxımdan yazmışam. Burada isə daha çox epistemoloji və fikri məsələlərə yer vermişəm.”
O əlavə edir, “mən müasir tarixdə türkçülüyün fikri əsaslarına işarə etmişəm... Lakin bu gün bəzi məsələlər var ki, o zamanın məsələsi deyildi. Nümunə üçün, İran Azərbaycanında türklər əksəriyyətdədir. Amma onların yanında başqa etnik azlıqlar da var. Ya inanc baxımından türklərin hamısı şiə deyil. Ateistlər var, sünnilər, xristianlar, bəhayilər və yəhudilər var. Bunu önə çəkmişəm ki, mən bir türk olaraq, hüquqi baxımdan yaşadığım bu coğrafiyada digərlərini də vətəndaş kimi qəbul edə biləcəyəmmi?”