Accessibility links

Emin Hüseynov: Azərbaycan jurnalistlərinin vəziyyəti son dərəcə ağırdır


Emin Hüseynov
Emin Hüseynov

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov BMT-nin sessiyasında çıxış edib

Azərbaycan jurnalistlərinin vəziyyəti son dərəcə ağırdır və gündən-günə daha da pisləşir. BMT-nin sessiyasında çıxış edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov vəziyyəti belə səciyyələndirib.

Məruzədə qeyd edilib ki, Azərbaycan hökuməti jurnalistlərin yaşamaq və şəxsin həyatın toxunulmazlığı hüquqlarının təmin edilməsi də daxil olmaqla, öz öhdəliklərini yerinə yetirmir, jurnalistlərə qarşı zorakılıqlara görə heç kimi cəzalandırmır, KİV işçilərinin siyasi motivlərlə saxlanmasına və həbsinə şərait yaradır, ifadə azadlığını qanunvericilik səviyyəsində məhdudlaşdırır, KİV üzərində dövlət nəzarəti həyata keçirir.

2 mart 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun sifarişli qətlindən bu günə qədər Azərbaycanda jurnalistlərə qarşı 200-dən çox basqın törədilib, 2011-ci ilin noyabrında bu hücumlardan biri məşhur publisist Rafiq Tağının qətli ilə nəticələnib.

İndiyədək jurnalist Xədicə İsmayılovanın, habelə onun bir çox həmkarlarının şəxsi həyatına müdaxiləyə hüquqi qiymət verilməyib.

2005-ci ildə Azərbaycan BMT-nin korrupsiyaya qarşı Konvensiyasına qoşulub, dövlət və hökumət idarəetməsində şəffaflıq üzrə öhdəliklər götürüb, 2012-ci ilin sentyabrında isə Açıq Hökumət tərəfdarları Təşkilatına qoşularaq, müvafiq fəaliyyət planını ən yüksək səviyyədə qəbul edib. Lakin bu kursu davam etdirmək yerinə, ölkə parlamenti “İnformasiya əldə edilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” və “Kommersiya sirri haqqında” qanunlara düzəlişlər qəbul edib. Bu düzəlişlər bütün hüquqi şəxslərə təsisçilər haqqında vergi və digər məlumatları gizləmək hüququ verdi ki, bu da informasiya azadlığı haqqında beynəlxalq standartlara ziddir və korrupsiya faktlarının araşdırılmasına və dərc edilməsinə mane olur.

Beynəlxalq ictimaiyyət yerli hökumətlərə diffamasiyaya görə məhkəmə təqibi təcrübəsinə son qoymağı tövsiyə edib, lakin bu gün yüksək vəzifəli məmurların iddiası ilə həbs edilmiş bir neçə jurnalist dəmir barmaqlıqlar arxasındadır.
Bu gün 7 yerli telekanal bütün Azərbaycan ərazisində yayımlanır, lakin siyasi plüralizm yoxdur, 7 jurnalist siyasi baxışlarına görə həbsdədir.

Ölkə hökuməti vətəndaş cəmiyyəti insitutlarının və digər qurumların nəzarətində deyil, KİV tərəfindən sorğular isə cavabsız qalır.

Hüseynov Azərbaycan hökumətini və hakimiyyətini jurnalistlərə qarşı zorakılığa və onlara istənilən formada təzyiqə son qoymağa çağırıb. O, həmçinin hakimiyyəti onu tənqid edən jurnalistlərin həbsinə son qoymağa çağırıb.

KİV sahəsində siyasət və qanunvericilik daha mükəmməl olmalıdır, deyə məruzəçi bildirib.

147 (böhtan ) və 148-ci (təhqir) diffamasiya maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır. Xarici yayımçılar milli radiotezliklərdə yayım hüququ almalıdırlar. Radiotezliklərin sadələşdirilmiş lisenziyalaşdırma proseduru əsasında ədalətli və şəffaf paylanması üçün müstəqil orqan yaradılmalıdır.

İctimai Televiziya və Radionun (beynəlxalq normalara uyğun) balanslı, əhalinin bütün qrup və təbəqələrinin maraqlarını əhatə edən yayımı təmin edilməlidir.
“İnformasiya əldə edilməsi haqqında” qanuna və yuxarıda qeyd edilmiş digər qanunlara son düzəlişlər ləğv olunmalıdır”, deyə Hüseynov qeyd edib.

Öz növbəsində ,rəsmi Bakı bir qayda olaraq ölkədə semzura olmadığını, media sahəsində plüralizmin təmin edildiyini, jurnalistlərin azad işləməsi üçün hər cür şəraitin yaradıldığını bəyan edir.
XS
SM
MD
LG