Accessibility links

Baş redaktora azadlıq xahişi


Baç redaktor Əvəz Zeynallı ilə bağlı müraciət
Baç redaktor Əvəz Zeynallı ilə bağlı müraciət

İctimaiyyət nümayəndələri prezident Əliyevə Əvəz Zeynallının həbsdən azad edilməsi üçün müraciət edib

Jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, ziyalılar və siyasətçilər p “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi çağırışı ilə prezident İlham Əliyevə müraciət edib.

Müraciəti 236 nəfər imzalayıb. İmzatoplama kampaniyasını Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həyata keçirib.

Kampaniyanın yekunlarına həsr olunmuş bugünki tədbirdə RATİ direktoru Emin Hüseynov bildirib ki, Zeynallının işi üzrə yekunlaşan məhkəmə istintaqı ittihamın tamamilə əsassız olduğunu və işin sifariş xarakterli olduğunu göstərib. Müdafiə tərəfinin, demək olar ki, heç bir vəsatəti təmin olunmayıb.

Bundan başqa, prosesdə şikayəti jurnalistin həbsinə səbəb olan keçmiş deputat Gülər Əhmədovanın şahid və ya zərərçəkən olduğu aydın olmayıb.

Sonradan Əhmədova özü “deputat mandatı alveri” üzrə korrupsiya qalmaqalının fiqurantına çevrilib. Xüsusən, o, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin ifşaedici videosundan sonra fırıldaqçılıq ittihami ilə həbs edilib.

Əhmədova Zeynallının işi üzrə məhkəməyə məhəl qoymayıb, yalnız bir dəfə prosesə gəlib, sonradan isə təqsirləndirilən şəxsin və müdafiə tərəfinin suallarını cavablandırmaqdan yayınıb.

Prokuror məhkəməyə Zeynallını 11 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib və o, uzunmüddətli həbs cəzasına məhkum edilə bilər. Bununla əlaqədar olaraq müraciətdə Zeynallının dərhal azad edilməsi çağırışı yer alır.

Bu halda, məhkəmənin hökmü qüvvəyə minmədən prezident hər-hansı addım atmaq səlahiyyətinə malikdirmi? Bu suala cavabda Emin Hüseynov bildirib ki, Abdullayevin yaydığı videoyazılar sübut edib ki, məhkəmələr qərarları icra hakimiyyətinin göstərişi ilə qəbul edir.

Bu zaman Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev üç il əvvəl dövlət başçısının müdaxiləsindən və məhkəmənin hökmündən sonra Apellyasiya Məhkəməsinin journalist Asif Mərzilini azad etdiyini xatırladıb.

Zeynallının işinin siyasi xarakterli olduğunu deyən Əliyev xatırladıb ki, “Xural”ın redaktoru prezident Əliyevi kəskin tənqid etdiyi məqaləsindən bir neçə gün sonra həbs edilib. Elə həmin vaxt ona qarşı bir neçə ittiham üzrə cinayət işi açılıb.

Əliyev müraciətdən sonra Zeynallının azad ediləcəyinə şübhə etdiyini bildirib. Bununla belə, jurnalist təşkilatları Zeynallının azad edilməsi uğrunda mübarizəni gücləndirməlidirlər. Cəmiyyətin fəallaşması, vətəndaşlarda öz hüquqlarını tələb etmək qətiyyətinin yaranması nikbinlik üçün əsas verir.

Xural.com saytının redaktoru Əfqan Muxtarlı bildirib ki, prezident öz administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məhkəmənin işinə qarışmamaq göstərişi versə, Zeynallının azad edilməsi haqqında ədalətli qərar qəbul edilər.

Martın 12-də saat 10.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əvəz Zeynallı barəsində hökm oxunacaq.
XS
SM
MD
LG