Accessibility links

Fərzad Səmədli: İranda toplumun bütün qrupları bütün tələbləri ilə meydandadır


Fərzad Səmədli
Fərzad Səmədli

Jurnalist və politoloq Fərzad Səmədli Amerikanın Səsinə müsahibədə İranda 2 aydan artıqdır davam edən ümummili etirazlarda qeyri-fars icmaların rolunu şərh edib.

Fərzad Səmədli: İranda toplumun bütün qrupları bütün tələbləri ilə meydandadır
please wait

No media source currently available

0:00 0:15:24 0:00
Direct link

Səmədli deyir ki, bu etirazlarda İran toplumunun müəyyən təbəqələrinin müəyyən tələbləri səsləndirilmir, bütün təbəqələr və qruplar onlardan əsirgənən bütün hüquqlarını tələb etmək üçün meydana gəliblər.

Sistem bəluçlar və başqa millətlər və azlıq icmaları qurban etmək istəyir ki bir qorxu görüntüsü yaratsın və hər kəsə desin ki, oturun evinizdə. Küçəyə çıxsanız, etiraz etsəniz sonunuz ölüm olacaqdır.

“Əslində bu olaylar artıq etiraz deyil. Bu bir inqilabdır. Biz böyük bir inqilabın içindəyik. Bu inqilabda millətlər, etnik qruplar və özəlliklə fərqli məzhəbə sahib olan etnik qruplar böyük bir rol oynamaqdadırlar,” Fərzad Səmədli söyləyir.

O, son etirazlarda çox saydı sünni bəluçun İranın hərbi və təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə diqqət çəkərək deyir, “ən qanlı olaylar Bəluçistanda yaşandı. Halbuki, biz etirazların dinc başladığını gördük. Etirazlar heç zaman başlanğıcda şiddətə yaxın olmadı. Buna rəğmən rejimin adamları Bəluçistanda olan etirazları çox qanlı şəkildə basdırmağa çalışdılar. Çünki, bəluçlar özləri deyir ki, sanki bəluç qanının İranda bir dəyəri yoxdur və hakimiyyət qüvvələri rahatcasına yüzlərlə insanı öldürüb və yaraladılar ki, bunların arasında bir çox uşaq da var.”

Jurnalist ümumiyyətlə qeyri-fars etnik icmaların əksəriyyətdə olduğu bölgələrdə hakimiyyət qüvvələrinin müdaxiləsinin daha repressiv olduğunu önə çəkir:

“Sünni kürd bölgələrində də çox ödürüblər. Azərbaycanda da durum belədir. Yəni, bu hakimiyyət sadəcə məzhəb ayrılığına diqqət etmir. Etnik ayrılıq da bunlar üçün çox önəmlidir. Biz baxırıq və özümüzə deyirik ki, öldürməkdə də ayrı-seçkilik var. Yəni, əgər Bəluçistan, Azərbaycan və Luristan kimi bölgələrdə insanlar küçəyə çıxsa, rejimin qüvvələri çox şiddətli davranırlar. Halbuki, İsfahanda, Şirazda, Simananda, Məşhəddə - oralarda ümumiyyətlə insanlar bu qədər rahat gülləyə düzülmür.”

Səmədli hesab edir ki, hakimiyyət qorxu yaratmaq üçün etnik icmalara mənsub olan insanları qurban edir.

“Sistem bəluçlar və başqa millətlər və azlıq icmaları qurban etmək istəyir ki, bir qorxu görüntüsü yaratsın və hər kəsə desin ki, oturun evinizdə. Küçəyə çıxsanız, etiraz etsəniz sonunuz ölüm olacaqdır,” deyə o, qeyd edir.

Fərzad Səmədli İran toplumunun bütün təbəqələr və qruplarının onlardan əsirgənən bütün hüquqlarını tələb etmək üçün meydana gəldiyini ifadə edir.

Bu etirazlar artıq bir təbəqənin, bir qrupun etirazı deyil. Bütün qruplar, toplumun bütün qatları daxil olmuş və bütün haqlarını istəyir.

Onun dediklərinə görə, “bu etirazlar artıq bir təbəqənin, bir qrupun etirazı deyil. Bütün qruplar, toplumun bütün qatları daxil olmuş və bütün haqlarını istəyir. Sadəcə iqtisadi haqqını, mədəni haqqını deyil, siyasi-ictimai haqlarını da istəyir. Hər haqq ki, ondan əsirgənib - onu istəyir. Yüksək səslə diktatora ölüm istəyir. Yüksək səslə azadlıq istəyir, qadınların özgürlüyünü, azad yaşamasını istəyir. Yüksək səslə də Təbrizdə, Urmiyədə bizim millətimiz milli hökümətin təsisini istəyir.”

Fərzad Səmədli müsahibədə həmçinin Tehran və Kərəc kimi şəhərlərdə yaşayan türklərin kütləvi etirazlardakı rolu haqqında danışıb.

“Tehran və Kərəc birlikdə 15 milyon nüfusa sahib bir bölgədir. Burada yüzlərlə il öncədən türklər də oturub. Amma, sayları az idi. Qacar dönəmində artdı. 1946 ilində (milli hökümət dönəmində) Güney Azərbaycanda baş verən soyqırım nəticəsində insanların bir çoxu Tehrana köçdü. İslam İnqilabından sonra da türklərin sayı orada artdı. Tehranda böyük mitinqlər oldu. Amma haralarda oldu? Nazi-abadda oldu, Cavadiyyədə, Xəzanədə oldu. O yerlərdə oldu ki, orada məhəllələrin hamısı və ya əksəriyyəti türkdür. Tehranda bu aparteid rejimi türklərdən çox qorxur.”

XS
SM
MD
LG