ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Ceyms Uorlik və Pyer Endryu noyabrın 12-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən vurulan hərbi helikopterin düşdüyü yerə humanitar girişin olmaması ilə bağlı narahatlığını bildirib. Bu barədə həmsədrlərin birgə bəyanatında deyilir.
“Biz tərəfləri helikopterin qəzaya uğradığı ərazidə atəşi dayandırmağa, bu ərazini minalardan təmizləməyə çağırırıq”, bəyanatda qeyd edilir.
Sənəddə qeyd edilir ki, helikopterin qalıqları “qoşunların təmas xəttində, neytral minalanmış ərazidədir”.
Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin 2010-cu il oktyabr tarixli Həştərxan bəyannaməsi baxımından həmsədrlər Azərbaycanı cəsədlərə yaxınlaşma imkanlarını təmin etməyə, Ermənistanı isə humanitar vəziyyətin həlli üzrə səylərə tam yardım göstərməyə çağırır.
“Biz ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin bölgədə olmasını xatırladır, tərəfləri vertolyotun qəzaya uğradığı əraziyə girişi təmin etməyə çağırırıq.
Biz noyabrın 12-dəki bəyanatımızı bir daha təsdiq edirik, tərəflərə münaqişənin sülh yolu ilə həll edilməsi üçün onların atəşkəsin qorunması barədə Soçidə, Nyuportda və Parisdə üzərlərinə götürdükləri məsuliyyəti xatırladırıq”, bəyanatda deyilir.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın 12-də Qarabağda vurulmuş ermənilərə məxsus döyüş helikopteri ilə bağlı bəyanatından “təəccübünü” və “məyusluğunu” ifadə edib.
Xüsusən, “neytral” zona haqqında ifadə Müdafiə Nazirliyinin narazılığına səbəb olub və hadisələr Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində baş verir.
Bakının narazılığına səbəb olmuş digər ifadə vurulmuş helikopterin qalıqlarına “humanitar keçid” verilməsi təklifidir.
Müdafiə Nazirliyi “ərazidə atəşin dayandırılması” və “ərazinin minalardan təmizlənməsi” haqqında ifadələrdən istifadə edilməsini pisləyir.
“Bütün bu çağırışlar tamamilə əsassızdıq və yalnız Ermənistan tərəfin maraqlarına xidmət edir”, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Daha sonra hərbi idarə qeyd edir ki, bu, yalnız bir halda - Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə öz “Twitter” səhifəsində yazıb ki, "düzünü desək, Dağlıq Qarabağ münaqişəsi zonasında neytral ərazi yoxdur. Heç kimə məxsus olmayan ərazi var ki, silahlı qüvvələri ayırır”, o qeyd edib.