Şahin Xiyavlı İran Azərbaycanında türklərə siyasi, ictimai və mədəni tədbirlər təşkil etmək üçün icazə verilmədiyini deyir. Onun sözlərinə görə, İranın təhlükəsizlik qüvvələrinin həbs etdiyi fəalların əksəriyyəti bu növ mərasimlərə qatıldıqları üçün saxlanılıblar.
Hüquq müdafiəçisi Amerikanın Səsi ilə söhbətdə bu yaxınlarda mənsub olduğu AHRAZ cəmiyyətini yayımladığı insan haqları hesabatını şərh edib.
İran Azərbaycanında insan haqları vəziyyəti üzrə fəaliyyət göstərən AHRAZ cəmiyyəti son vaxtlar türk dil hüquqları fəallarına qarşı basqılar, həbsdə olan fəallar, edam hökmləri və İran Azərbaycanında erkən yaşda nikahın artması kimi mövzularla bağlı hesabat hazırlayıb.
Türk fəallar müxtəlif mərasimlərə iştirak etdikdən sonra həbs və mühakiməyə məruz qalır və ya tədbirlərin keçirilməsindən öncə təhlükəsizlik qurumlarına çağırılıb təhdid edilirlər.
“Hazırladığımız bu hesabat birbaşa BMT-nin İranda insan haqları üzrə nümayəndəsi Cavid Rəhmana göndərilib. Rəhmanın növbəti hesabatı İranda yaşayan etnik qruplar və dini azlıqlar ilə bağlı olacaq,” Şahin Xiyavlı bildirir.
AHRAZ-ın hesabatında hazırda həbsdə olan türk fəallar, o cümlədən Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri, Abbas Lisani və Həkimə Əhmədinin durumu haqqında məlumat verilib.
Hüquq müdafiəçisinin bildirdiyinə görə, hesabatda yer alan digər bir xüsus İran Azərbaycanında ictimai, mədəni və siyasi tədbirlərin üzərindəki qadağalar məsələsidir.
“Tədbir keçirmək azadlığı heç yoxdur. Türk fəallar müxtəlif mərasimlərə iştirak etdikdən sonra həbs və mühakiməyə məruz qalır və ya tədbirlərin keçirilməsindən öncə təhlükəsizlik qurumlarına çağırılıb təhdid edilirlər. Əslində biz tutulan fəalların siyahısına baxdığımızda, demək olar ki, bunların hamısı mərasimlərdə tutulublar,” Xiyavlı deyir.
Hesabatda həmçinin son üç ay ərzində türklərin yaşadığı vilayətlərdə həyata keçirilən 18 edam hökmünə diqqət çəkilib.
Xiyavlının dediklərinə görə, İranda hələ də ən çox edam hökmü qeyri-fars icmaların yaşadığı yoxsul bölgələrdə həyata keçirilir.
Uşaqların evləndirilməsi türk bölgələrdə və ümumiyyətlə qeyri-fars millətlərin yaşadığı vilayətlərdə, xüsusilə yoxsul bölgələrdə daha çoxdur.
İran xəbər agentlikləri dövlət qurumlarının verdiyi məlumata istinad edərək, İranda yaşı 14-dən aşağı uşaq nikahının ən çox qeyd edildiyi vilayətlərin müvafiq olaraq Zəncan, Şərqi Azərbaucan və Şimali Xorasan vilayətləri olduğunu bildirirlər.
Şahin Xiyavlı uşaqların erkən yaşlarda evləndirilməsi probleminin də ən çox qeyri-fars və əhalisinin yoxsul olduğu bölgələrdə göründüyünü vurğulayır.
“Uşaqların evləndirilməsi türk bölgələrdə və ümumiyyətlə qeyri-fars millətlərin yaşadığı vilayətlərdə, xüsusilə yoxsul bölgələrdə daha çoxdur,” deyə hüquq müdafiəçisi ifadə edir.
Şahin Xiyavlı əlavə edir, türk fəallar İran Azərbaycanında uşaq nikahının artması problemini ciddiyə almalıdırlar.