Accessibility links

‘Farsca yetərlilik testi’ haqda xəbər yayan İbrahim Savalan məhkəməyə verilib


Ərdəbil vilayəti Meşkinşəhr şəhərinin təhsil idarəsi tanınmış yazar və türk fəal İbrahim Savalanı bölgədə “farsca yetərlilik testi”nin icraya qoyulmasına dair xəbər yaydığı üçün məhkəməyə verib.

“İyulun 31-də təhlükəsizlik polisindən telefon gəldi və Meşkinşəhr təlim və tərbiyə idarəsinin məndən şikayət etdiyini bildirdilər. Halbuki bəzi millət vəkilləri də farsca yetərlilik testinin icraya qoyulmasına etiraz bildiriblər,” deyə İbrahim Savalan Facebook səhifəsində paylaşıb.

Xanım məndən soruşdu gecələri göydə nələr görürsən. Mən, 'ulduz' görürəm, dedim. Xanım dedi, bundan sonra məktəbdə 'setare' (farscada ulduz) deməlisən. Qızım demişdi ki, amma mən ulduz görürəm, setare görmürəm ki.
Farsca yetərlilik testi verən bir uşaq

Savalan iyul ayının 20-də daha əvvəl mərhum atasının təşəbbüsü ilə təsis edilmiş bir məktəbin sənədləri ilə bağlı bir idarə işi üçün Meşkinşəhr təhsil idarəsinə müraciət etmişdi. O, həmin gün təhsil idarəsində farsca yetərlilik testini keçə bilməyən bir uşağın atasının yalvarışlarına şahid olub və baş verənləri sosial media vasitəsi ilə paylaşdı.

İbrahim Savalanın xəbərindən sonra testin İran Azərbaycanının digər bölgələrində də icraya qoyulduğu ortaya çıxdı və geniş əks-səda doğurdu.

Təhlükəsizlik polisinin İbrahim Savalana telefon edib, paylaşdığı xəbər üzündən məhkəməyə verildiyini bildirdiyi saatlarda İranın dövlət agentliyi İRNA da “farsca yetərlilik testi”-nin icraya qoyulduğuna dair bir reportaj yayımlayıb.

İRNA-nın təhlil saytı İRNA Plus-ın reportajında uşaqları yetərlilik testindən keçə bilməyən bir neçə ailənin ifadələri əksini tapıb.

Qərbi Azərbaycanın Makı (Maku) şəhərində yaşayan Münir Hüseyni adlı bir ana uşağının qüsurlu uşaqlar məktəbinə göndəriləcəyindən narahat olduğunu bildirib.

Münir Hüseyni İRNA Plus-a belə deyib: “uşağı məktəbə yazdırmaq üçün getdiyimizdə, müdir dedi ki, uşağınız öncə testdən keçməlidir. Ətraflı açıqlama vermədi. Sadəcə eşitmə və görmə testindən söz etdi. Bir neçə gün sonra telefon açıb səhər saat 8-də müraciət etməyimizi istədilər... testdən sonra dedilər ki, suallara cavab verə bilməyib və daha sonra yenidən müraciət etməlisiniz. İkinci dəfə uşaqlar testi keçə bilməsə, ‘Ümid’ adlı qüsurlu uşaqlar məktəbinə göndərəcəklərini söylədilər. Stressim var idi və narahat idim. Mən özüm uşaq tərbiyəçiliyi bölümündə təhsil almışam və bunu bir aşağılama sayırdım.”

Məni məhkum etmək onlar üçün çətin olmayacaq. Bu bərabərsiz bir mücadilədir. Güvəndiyimiz tək şey haqlı olduğumuz, həmçinin Azərbaycan və Meşkinşəhr əhalisinin himayəsi və bizə olan etimadıdır.
İbrahim Savalan

Münir Hüseyni ikinci müraciətdə uşağının testi keçdiyini bildirib: “İkinci testdən sonra uşağımı qəbul etdilər. Onlardan soruşdum ki, uşağım birinci testi niyə keçmədi? Ondan nə kimi suallar soruşdunuz... Uşağım özü mənə anlatdı. Dedi ki, xanım məndən soruşub gecələri göydə nələr görürsən. Mən, ulduz görürəm, dedim. Xanım dedi, bundan sonra məktəbdə setare (farscada ulduz) deməlisən. Qızım demişdi ki, amma mən ulduz görürəm, setare görmürəm ki.”

Mühsin Abdullahi adlı bir ata isə deyib ki, “tərbiyəçi xanım uşağımın yaşını soruşdu. Oğlum türkcə cavab verə bilir, amma fars dilində cavab verə bilmədi.”

İbrahim Savalan yazıb ki, “məni məhkum etmək onlar üçün çətin olmayacaq. Bu bərabərsiz bir mücadilədir. Güvəndiyimiz tək şey haqlı olduğumuz, həmçinin Azərbaycan və Meşkinşəhr əhalisinin himayəsi və bizə olan etimadıdır.”

Keçən may ayında İranın Təhsil Nazirliyi “farsca yetərlilik testi”-nin məktəbəqədər uşaqlar üçün keçirilən müntəzəm sağlamlıq testlərinə əlavə olunacağını bildirib. İbtidai təhsil üzrə nazir müavini Rizvan Həkimzadənin açıqlamalarına əsasən, hazırlıqların tamamlandığı bölgələrdə 4 yaşındakı qeyri-fars uşaqlar da bu testlərdən keçirilə bilər.

Şərhlərə bax

XS
SM
MD
LG