Accessibility links

İlhan Tanır: Demokratiyanın zəifləməsi və Qərblə gərginliklər Türkiyənin beynəlxalq nüfuzunu azaldır


İlhan Tanır Türkiyədə çevrilişdən sonrakı situasiyanı təhlil edir
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Türkiyədə keçən il iyul ayının 15-də dövlət çevrilişinə cəhdin ildönümünün tamam olduğu vaxt müşahidəçilər bu bir il ərzində ölkənin transformasiya dövründən keçdiyini və cəmiyyətdə kəskin qütbləşmənin mövcud olduğunu qeyd edir. Dövlət çevrilişinə cəhddən sonra prezident Rəcəb Tayyib Ərdoğan opponentlərinə qarşı təqib kampaniyasına başlayıb. Türkiyə hökuməti dövlət çevrilişinə cəhdlə əlaqədar olduğunu bildirərək, 100 mindən çox dövlət qulluqçusunu işdən azad edib, 50 mindən çox insanı həbs edib. “Vaşinqton xətti” xəbər saytının təsisçisi jurnalist İlhan Tanır Birləşmiş Ştatların İŞİD-ə qarşı mübarizədə yaxın tərəfdaşı və NATO üzrə müttəfiqi olan Türkiyənin regional rolu və qütbləşmiş cəmiyyətdə mövcud durumu "Amerika icmalı" proqramında müzakirə edib.

İlhan Tanır Türkiyədə 2013-cü ildə Gezi hadisələri zamanı müşahidə edilən qütbləşmə prosesinin keçən il 15 iyul dövlət çevrilişinə cəhddən sonra daha da dərinləşdiyini qeyd edib. Onun sözlərinə görə, çevriliş cəhdindən sonra tətbiq edilmiş fövqəladə vəziyyət və onun müddətinin uzadılması Türkiyədə siyasi, iqtisadi, eləcə də sosial durumun hələ də tam normallaşmadığına işarə edir.

Ölkə daxilində bir il keçməsinə baxmayaraq, çevriliş cəhdinin necə həyata keçirildiyi, onun arxasında duran aktyorlarla bağlı hələ də suallar və mübahisələr var.
İlhan Tanır

​“Hazırda fövqəladə vəziyyət mövcuddur. Bundan əlavə xarici ölkələrlə, Amerika ilə, Almaniya ilə yaşanan ciddi sıxıntılar var. Ölkə daxilində bir il keçməsinə baxmayaraq, çevriliş cəhdinin necə həyata keçirildiyi, onun arxasında duran aktyorlarla bağlı hələ də suallar və mübahisələr var.”

İlhan Tanır dövlət çevrilişi cəhdi ilə əlaqədar təxminən 100 mindən çox insanın işdən çıxarıldığını və 50 mindən çox insanın həbs edildiyini vurğulayıb.

Ankarada keçən il 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü qeyd edilir
Ankarada keçən il 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü qeyd edilir

“Söhbət ailələri ilə birlikdə təxminən yarım milyon insandan gedir. Bu insanların hamısı günahsız olmasa da, onların çoxunun bu çevriliş cəhdi ilə heç bir əlaqəsi olmadığını hamı bilir. Buna görə də Türkiyənin daxilində bir böhran var. Türkiyənin daxilində həm təhlükəsizlik, həm siyasi baxımdan, həm də toplum içərisində bir mutsuzluq var. Və iqtisadi vəziyyətin pisləşməsi bu durumu daha da ağırlaşdırır.”

Söhbət ailələri ilə birlikdə təxminən yarım milyon insandan gedir. Bu insanların hamısı günahsız olmasa da, onların çoxunun bu çevriliş cəhdi ilə heç bir əlaqəsi olmadığını hamı bilir.
İlhan Tanır

İlhan Tanır bəzi müşahidəçilərin xüsusilə də Kamal Kılıçdaroğlunun “Ədalət yürüşü”ndən sonra Türkiyədə müxalifət qüvvələrinin yenidən canlandığı və demokratiyanın yeni dalğasının başlaya biləcəyi haqda fikirlərinə də toxunub. O, cəmiyyətdə dərin qütbləşmə şəraitində, eləcə də jurnalistlər, millət vəkilləri və hüquq müdafiəçilərinin həbs edildiyi bir dövrdə etiraz aksiyasının əhəmiyyətini qeyd edib.

“Bu yürüş bir hərəkətlənmə gətirdi. Türkiyənin ən azından yarısı bu yürüşü dəstəklədi. Türkiyədə bilirsiniz ki, təxminən 170-180 jurnalist həbsdədir, 200-dən çox media qurumu bağlanıldı. Hazıda Türkiyədə medianın 90 faizi hökumətə yaxın mediadır. Və buna rağmən Türkiyədə müxalifət liderinin belə bir hərəkata təkan verməsi önəmli idi. Kılıçdaroğlu bu küçə yürüşlərinin davam etdiriləcəyini söylədi, lakin bunu gözləyib baxmaq lazımdır. Bu yürüşün mövzusu ədalət idi. Türkiyədə bu gün ədalətə böyük ehtiyac olduğunu hamı bilir.”

Minlərlə insan müxalif CHP lideri Kamal Kılıçdaroğlunun "Ədalət yürüşü"nə qoşulub
Minlərlə insan müxalif CHP lideri Kamal Kılıçdaroğlunun "Ədalət yürüşü"nə qoşulub

​İlhan Tanır Türkiyənin xarici ölkələrlə münasibətlərində gərginliklərdən danışıb. O, Türkiyədə Qərbə qarşı aparılan ritorikanın xarici ölkələrlə və xüsusilə də Avropa İttifaqı ilə münasibətlərə mənfi təsir göstərdiyini qeyd edib. O deyib ki, Ərdoğan hökumətinin Amerika ilə münasibətlərdə Tramp administrasiyasından fərqli gözləntiləri var idi, lakin ABŞ-ın hazırkı administrasiyası Ankaranın əsas tələblərini yerinə yetirməyib.

Bu yürüşün mövzusu ədalət idi. Türkiyədə bu gün ədalətə böyük ehtiyac olduğunu hamı bilir.
İlhan Tanır

“Ən önəmli mövzular-Suriyanın daxilində kürdlərə dəstək məsələsi, Fətullah Gülənin ekstradisiyası və 2014-2015-ci illər arasında İrana embarqolar ilə bağlı iranlı türk iş adamı Rza Sərrafın azad edilməsi məsələsidir. Türkiyə prezidenti Ərdoğan bu üç böyük məsələni Vaşinqtona mayın 16-17-də səfəri zamanı prezident Trampla müzakirə edib. Bu üç məsələnin heç birində Tramp administrasiyası müsbət addım atmayıb.”

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda mayın 16-da görüş zamanı
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda mayın 16-da görüş zamanı

İlhan Tanır Vaşinqtonun Ankaranın gözləntilərinə cavab vermədiyini və Tramp administrasiyasının Obama administrasiyası dövründə yürüdülən siyasəti davam etdirdiyini bildirib. Onun bildirdiyinə görə, iki ölkə arasında münasibətlərdə gərginliyin bundan sonra da artması mümkün ola bilər.

İlhan Tanır deyib ki, Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra həbs dalğası, mediaya basqılar və demokratiyanın zəifləməsi, digər tərəfdən Ankaranın Qərblə münasibətlərində gərginliklər ölkənin beynəlxalq və regional nüfuzunun azalması ilə nəticələnə bilər.

Qüvvətli və güclü Türkiyə, Qərblə münasibətləri yaxşı olan bir Türkiyə, diplomatiyada güclü bir ölkə, həm qardaş dövlət Azərbaycan üçün olsun, həm də bölgədə qeyri-sabitliklə bağlı başqa məsələlərdə də nüfuzlu bir Türkiyə deməkdir.
İlhan Tanır

“Qüvvətli və güclü Türkiyə, Qərblə münasibətləri yaxşı olan bir Türkiyə, diplomatiyada güclü bir ölkə, həm qardaş dövlət Azərbaycan üçün olsun, həm də bölgədə qeyri-sabitliklə bağlı başqa məsələlərdə də nüfuzlu bir Türkiyə deməkdir. Çünki Qərb, xüsusilə də Amerika Türkiyədən nə qədər uzaqda olsa da, bölgədə Suriya ilə bağlı məsələlər olsun, İraq olsun və ya Dağlıq Qarabağ məsələsində, Minsk qrupunda olsun, bu ölkələrin təsiri böyükdür. Bu ölkələr böyük təsir gücünə malikdir, onların iqtisadi məsələlərdə təsiri böyükdür, Avropa İttifaqının təsiri böyükdür. Əgər Türkiyə Qərblə münasibətləri davamlı şəkildə pozursa, bu gün hətta Türkiyənin bəzi nazirləri Avropada gedib danışa bilmir, çünki buna icazə verilmir. Ən son bu həftə içində Türkiyənin Almaniya ilə münasibətləri tarixdə görünməmiş bir səviyyəyə endi. Almaniya Xarici İşlər nazirliyi çox ciddi bir şəkildə alman vətəndaşlarına “Türkiyəyə getməyin”, alman iş adamlarına “Türkiyəyə yatırım qoymayın” kimi xəbərdarlıqlar etdi. Bütün bunlar Türkiyənin Qərbdə, dünyada, beynəlxalq diplomatiyada təsirini azaldır. Və bu şəkildə zəifləyən Türkiyənin qardaş Azərbaycanın haqlarını dayanıklı şəkildə müdafiə etməsini çətinləşdirir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG