Accessibility links

İranın nüvə proqramı: məlumatlar-faktlar


İranın nüvə proqramı: məlumatlar-faktlar
İranın nüvə proqramı: məlumatlar-faktlar

İranın mübahisəli nüvə proqramı uran zənginləşdirilməsi, elektrik enerjisi istehsalı və bir neçə obyektdə tədqiqatları əhatə edir. Bu obyektlərin bir hissəsi beynəlxalq müfəttişlərin nəzarəti altında fəaliyyət göstərir, bəziləri isə hələ inşa prosesindədir. İranın əsas nüvə obyektləri bunlardır.

Natanzda uran zənginləşdirən zavod

İran uran zənginləşdirilməsi proqram sahəsində fəaliyyətləri Natanz şəhərində yerləşən zavodda aparır. Obyekt yerin altında yerləşir. Burada minlərlə sentrifuqada nüvə yanacağına çevrilmək üçün uran təmizlənib zənginləşdirilir. Yüksək səviyyədə zənginləşdirilmiş urandan nüvə silahlarının istehsalında istifadə edilir.

Elm və Beynəlxalq Təhlükəsizlik institutu bildirir ki, Natanz zavodundakı sentrifuqaların çoxu köhnəlib və 2009-cu ildə kompyuterlərə salınmış Stuxnet virusuna görə sıradan çıxmağa başlayıb.. İran uran zənginləşdirilməsi prosesini davam etdirmək üçün daha yaxşı sentiruqaların yerləşdirilməsinə çalışır, lakin beynəlxalq sanksiyalara görə lazımi avadanlığın gətirilməsi qarşısında çətinliklər yaranıb.

Fordo uran zənginləşdirilməsi zavodu

İran şiələrin müqəddəs Qum şəhəri yaxınlığında yerləşən Fordo obyekti haqda məlumatı 2009-cu ildə açıqlayıb. 2011-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi İranın obyektdə silsilə sentrifuqalar yerləşdirdiyini bildirib. Burada nə qədər sentrifuqanın funksiya göstərdiyi məlum deyil.

Buşehr nüvə elektrik stansiyası

İran özünün ilk nüvə elektrik stansiyasını ölkənin elektrik enerjisi şəbəkəsinə gecikmələrdən sonra sentyabr ayında qoşdu. İranın bildirdiyinə görə, Rusiyanın inşa etdiyi 1000 meqavat həcmi olan stansiya 60 meqavat elektrik hasil edəcək. İran prezidenti Mahmud Əhmədinejad ölkənin Buşehrdə hasil olunan enerjidən 20 dəfə artıq enerjiyə ehtiyacı olduğunu deyib. Buşehr nüvə elektrik stansiyasının inşasına 1995-ci ildə başlayan Rusiya onu yanacaqla təmin etmək üçün zənginləşdirilmiş uranla təchiz edəcəyini bildirmişdi. İran istifadə edilmiş yanacağı nüvə silahının tərkib hissələrindən biri olan plutoniuma çevirməmək üçün Rusiyaya göndərməyə razı olmuşdu.

Tehranda tədqiqat reaktoru

Tehrandakı tədqiqat reaktoru 1993-cü ildən etibarən Argentinadan gətirilən aşağı səviyyədə zənginləşdirilmiş uranla işləyir. İran rəsmiləri Argentinadan təchizatın tükəndiyini deyərək, reaktorun yüksək səviyyədə zənginləşdirilmiş uranla təchiz edilməli olduğunu bildiriblər. İran reaktordan tibb və başqa sahələrdə tədqiqatlar üçün istifadə edildiyini bildirir.

İsfahanda Nüvə Texnologiyaları Mərkəzi

İsfahandakı nüvə texnologiyaları mərkəzində Çində istehsal edilmiş tədqiqat reaktorlarından istifadə edilir.

Arak ağır su istehsalı reaktoru və stansiyası

İran Arak regionunda soyutma sistemi üçün ağır suyun istifadə edildiyi nüvə reaktoru inşa edir. İran rəsmiləri reaktorun inşasının 2013-cü ildə başa çatacağını bildirir, lakin beynəlxalq müşahidəçilər xaricdən avadanlığın gətirilməsi məsələsində problemlərə görə layihənin daha gec tamamlana biləcəyini bildirirlər.

Dərxovin nüvə reaktoru

İran ölkənin özündə layihələşdirilmiş ilk nüvə elektrik stansiyası inşa edir. Stansiyanın 360 meqavat gücündə olduğu bildirilir.

XS
SM
MD
LG