Accessibility links

Azərbaycan alimi İranda həbs edilib


Xalidə Xalid
Xalidə Xalid

Alimin həbsi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehrana səfərindən bir gün sonra baş verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib.

İran mediasının məlumatına görə, Xalidə Xalidini aprelin 30-da azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) saxlayıb.

APA agentliyi isə yazır ki, daha bir Azərbaycan vətəndaşının və 4 azərbaycanlı fəalın da həbsə alındığı bildirilir. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda qeyd olunan Analar Günü münasibətilə onun ata evinə toplaşıblarmış.

ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə edib, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıb. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlərin azərbaycanlı fəallar yazıçı Aşıq İsaq Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və yazıçı Fərhadidir.

APA agentliyinin məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsi ilə bağlı məlumatı diqqət mərkəzində saxlayır.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, nazirlik Azərbaycanın Təbrizdəki baş konsulluğuna bu məsələni araşdırmağa təlimat verib.

“Konsulluğumuz İran Xarici İşlər Nazirliyinin Təbrizdəki nümayəndəliyi ilə əlaqə saxlayıb. Bu məsələ artıq araşdırılır və diqqətdə saxlanılır”, mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, Azərbaycan aliminin İranda həbsi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehrana səfərindən bir gün sonraya təsadüf edir.

2012-ci ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana səfərindən sonra da oxşar hadisə qeydə alınmışdı. Əli Həsənovun səfərindən sonra Təbrizdə iki Azərbaycan şair həbs edilmişdi.
XS
SM
MD
LG