Accessibility links

Elçin Behbudov: Pərviz Həşimlinin əfv xahişini prezidentə çatdırmışam [Video]


Elçin Behbudov: Pərviz Həşimlinin əfv xahişini prezidentə çatdırmışam
please wait

No media source currently available

0:00 0:08:24 0:00

Elçin Behbudov: Pərviz Həşimlinin əfv xahişini prezidentə çatdırmışam

2013-cü ildə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə işgəncə, pis və qeyri-insani rəftarla bağlı 115 şikayət daxil olub

2013-cü ildə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə işgəncə, pis və qeyri-insani rəftarla bağlı 115 şikayət daxil olub. 6 halda şikayət qadınlara qarşı zorakılıqla bağlı olub.

Bu barədə dekabrın 14-də keçirilən mətbuat konfransında sözügedən hüquq müdafiə təşkilatının rəhbəri Elçin Behbudov bildirib.

Onun sözlərinə görə, 5 ölüm hadisəsi qeydə alınıb. Bütün bu faktlar Milli Ordunun hərbi hissələrində baş verib. Behbudov cəsədlərində zorakılıq izi olan əsgərlərin adlarını açıqlayıb – Elvin Niftizadə, Ceyhun Qubadov, Seymur Allahverdiyev, Telman Əliyev və Orxan Mirzəzadə.

Bundan başqa, bir nəfərin polis bölməsində ölüm faktı qeydə alınıb.

Lakin zorakılıq nəticəsində ölüm faktı təsdiq edilməyib. Söhbət Lənkəran polis çöbəsində binanın ikinci mərtəbəsindən tullanaraq qaçmağa çalışan Cəmil Babayevdən gedir.

Behbudovun sözlərinə görə, o, dəfələrlə narkotik ittihamı ilə mühakimə olunub və ehtiyatsızlıqdan otaqda tək qoyulduğu zaman fürsətdən istifadə edərək ikinci mərtəbədən tullanıb, bir neçə gün sonra aldığı xəsarətlərdən vəfat edib.

Behbudov bildirib ki, 2012-ci ildə işgəncələrlə bağlı 141 müraciət olub, o cümlədən 9 ölüm halı qeydə alınıb.

Onun sözlərinə görə, əsasən hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, polis bölmələrində, Nəqliyyat Nazirliyinin və SOCAR-ın təhlükəsizlik idarəsinin işçiləri tərəfindən işgəncələr və qeyri-insani rəftarla bağlı şikayətlər daxil olur.

Nəqliyyat müfəttişləri sürücülərə qarşı, SOCAR nümayəndələri isə dövlət neft şirkətinin ərazilərində qanunsuz olaraq tikildiyi iddia olunan evlərin sakinlərinə qarşı güc tətbiq edir.

Bu zaman Nəqliyyat Nazirliyi və SOCAR İşgəncələr Əleyhinə Komitənin müraciətlərinə məhəl qoymur.

Ümumiyyətlə dövlət orqanları işgəncələr haqqında müraciətləri araşdırma zamanı faktların təsdiqini tapmadığı cavabı verir.

Behbudovun sözlərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən başqa, bütün digər monitorinq olunan qurumlar – Daxili İşlər, Milli Təhlükəsizlik, Təhsil Nazirlikləri, Təhsil Nazirliyinin ixtisaslaşmış internatları, narkoloji dispanser və Səhiyyə Nazirliyinin psixiatriya müəssisələri İşgəncələr Əleyhinə Komitə ilə əməkdaşlıq edir.

Komitə üzvləri əvvəlcədən xəbərdarlıq etmədən bu müəssisələrə gedə bilirlər.

Lakin, Behbudovun sözlərinə görə, saxlanma şəraitinin pis olması, işgəncə və qeyri-insani rəftarla bağlı ən çox şikayət məhz penitensiar müəssisələrdən gəlir.

Bu zaman şikayətçilər komitəyə müraciət etdiklərinə görə karserə salınır və buna görə son vaxtlar onların doğmaları hesabatlarda cəzaçəkmə müəssisələrində və Penitensiar Xidmətin istintaq təcridxanasında təzyiqə məruz qalan məhbusların adlarını yazmamağı xahiş edirlər.

Behbudov həmçinin narkoloji dispanserdə, regionlardakı psixiatriya müəssisələrində, xüsusi internatlarda təmirə, bu idarələrin mühafizəsinin gücləndirilməsinə, qış vaxtı isitmənin yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd edib.

Komitə sədri həmçinin “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işləri ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət etdiyini bildirib.

Hüquq müdafiəçisi dövlət başçısından sözügedən şəxslərin azad edilməsinə köməklik etməsini xahiş edib.

Behbudov Həşimlinin “əfv” istəyini də prezidentə çatdırıb.

Qeyd edək ki, Həşimli özünü təqsirli bilmədiyini bildirir, onun barəsində hələlik hökm yoxdur.

Lakin, Behbudovun sözlərinə görə, dekabrın 18-də jurnalistə baş çəkdiyi zaman o, şəxsən hüquq müdafiəçisindən “əfv” xahişini prezidentə çatdırmağı xahiş edib və dövlət başçısına müraciətində Həşimlinin istəyini ifadə edib.

Məmmədliyə gəlincə, Behbudovun sözlərinə görə, SMDT rəhbəri ondan prezidentə müraciət etməsini xahiş etməyib.

Behbudov öz təşəbbüsü ilə prezidentə müraciət edir və ondan Məmmədlinin azad edilməsində, xüsusən, təqsiri sübuta yetirilərsə, ona həbs cəzası verilməməsində, cərimə edilməsində yardım istəyir.

Həşimlinin işgəncələr haqqında bəyanatları ilə bağlı suala cavabda Behbudov bildirib ki, dekabrın 18-də MTN-in istintaq təcridxanasında onunla görüşüb. Dəfələrlə məhz kim tərəfindən və hansı kamerada işgəncələrə məruz qaldığını danışmaq təkliflərinə cavabda Həşimli bu barədə məhkəmədə danışdığını, artıq bu haqda danışmaq istəmədiyini deyib.

Behbudovun sözlərinə görə, dekabrın 17-də Həşimliyə ailəsi ilə telefonla danışmağa və bir dəfə həyat yoldaşı ilə görüşməyə icazə veriblər.

MTN-in ayrıca istintaq təcridxanasının fəaliyyət göstərməsinin nə dərəcədə qanunauyğun olduğu haqqında suala cavabda Behbudov bildirib ki, beynəlxalq təşkilatlar bu istintaq təcridxanasının bağlanmasında israr etsələr də, dünyanın bir çox ölkələrində xüsusi xidmətlərin öz təcridxanaları var.

Bundan başqa, Behbudova görə, MTN istintaq təcridxanasında saxlanma şəraiti, qida keyfiyyəti, tibbi xidmət digər təcridxanalarda olduğundan daha yaxşıdır.

Behbudovun sözlərinə görə, komitə yalnız məlumatı olduğu faktlar haqqında danışır.

Behbudova görə, əslində işgəncə halları iki dəfə çox da ola bilər, belə ki, qurbanlar və onların doğmaları şikayət etməkdən qorxur.

Behbudov həmçinin bildirib ki, hesabat İşgəncələr əleyhinə Dünya Təşkilatına, Avropa İttifaqının İşgəncələr Əleyhinə Komitəsinə və ATƏT-in mənzil-qərargahına göndəriləcək.
XS
SM
MD
LG