Accessibility links

Leyla Yunusun əl ağacı alınıb?


Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus barədə oktyabrın 15-də məhkəmə prosesi təxirə salınandan sonra o, təcridxanaya qaytarılıb, orada əl ağacı əlindən alınıb. Buna səbəb kimi Leyla Yunusun məhkəmə zalında əl ağacı ilə konvoyu vurması iddia edilir. Bu barədə Turan agentliyinə Yunusların yaxınları məlumat verib.

Yaxınlarının dediyinə görə, Leyla Yunusdan izahat yazması tələb edilib və ona töhmət elan edilib.

Alman həkim gedəndən sonra, avqustun 19-da Leyla Yunus tibbi sanitariya şöbəsindən çıxarılıb. Müalicə almadığı üçün nəticədə hərəkət imkanları daha da çətinləşib və o, əl ağacından istifadə etməyə başlayıb

Öz növbəsində, Leyla Yunus izahatında heç kimi vurmadığını və bunun yalan olduğunu bildirib. Leyla Yunusun əl ağacından istifadə etməsinin səbəbləri barədə yaxınları deyir ki, Yunus alman həkimi Kristian Vitt tərəfindən 14 avqustda müayinə olunandan sonra o, təcridxananın tibbi sanitariya şöbəsinə yerləşdirilib.

“Protokollar tərtib edilib ki, hüquq müdafiəçisi Vittin gətirdiyi dərmanları qəbul edəcək və tibbi-sanitariya şöbəsində 2 ay, yaxud heç olmasa 40 gün müalicə alacaq. Səhiyyə Nazirliyinin nümayəndəsi Murad Məmmədov və Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin nümayəndəsi İftixar Qurbanov da müayinədə və protokolların tərtibində iştirak ediblər.

Lakin alman həkim gedəndən sonra, avqustun 19-da Leyla Yunus tibbi sanitariya şöbəsindən çıxarılıb. Müalicə almadığı üçün nəticədə hərəkət imkanları daha da çətinləşib və o, əl ağacından istifadə etməyə başlayıb”, deyə qeyd edilib.

Bununla belə, Leyla Yunusun oktyabrın 7-dən telefon danışıqlarına da qadağa qoyulub və qohumları ilə görüşməsinə icazə verilmir.

Penitensiar Xidmətdən bununla bağlı hələ məlumat almaq mümkün olmayıb.

Həbs olunduqdan bəri Leyla Yunusun səhhəti kəskin ağırlaşıb.
Həbs olunduqdan bəri Leyla Yunusun səhhəti kəskin ağırlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci il avqustun 13-də Leyla Yunusa 8,5 il, Arif Yunusa 7 il həbs kəsib. Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir və siyasi sifariş adlandırır. Leyla və Arif Yunus Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Hazırda Leyla və Arif Yunusların apellyasiya şikayətinə baxılır. Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi ilkin baxış iclasını qeyri-müəyyən vaxtədək təxirə salıb.

XS
SM
MD
LG