Accessibility links

Maduro dövlət neft şirkətinin ofisini Moskvaya köçürür


Venesuela prezidenti Nikolas Maduro dövlət neft-qaz şirkətinin Lissabondakı ofisini bağlayaraq, onu Moskvaya köçürmək əmri verib.

Bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriges məlumat verib. Moskvada olan Rodriqes artiq Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrovla görüşüb. Venesuela məmurları Rusiyadan növbəti maliyyə yardımı istəyib və Venesuela "öz sənayesinə sərmayələri Rusiyanın köməyi ilə həyata keçirəcəyini" bildirib.

"Ölkəmizdə sənaye investisiyalarına zəruri olan hər şeyi istehsal etmək Rusiya Federasiyasının köməyilə edəcəyik. Bu, dünya və Rusiya üçün yaxşı bir xəbərdir. Biz strateji tərəfdaşıq", Delsi Rodriqes cümə günü deyib.

Rusiya Federasiyasının xarici işlər naziri ona cavab olaraq, "Rusiyanın Venesuelaya 7,5 ton dərman və miqdarı qeyd edilməyən Rusiya taxılı göndərdiyini" deyib. Venesuela vitse-prezidenti öz növbəsində "göndərilən yardımın ölkəsdəki humanitar vəziyyətə və Venesuela hökümətinə mövcud məsələləri həll etməyə əhəmiyyətli dərəcədə kömək etdiyini" bildirib.

Onun sözlərinə görə, Karakas 2,5 milyard dollarlıq ərzaq və dərman tədarükünü ödəməyə hazırdır.

"Prezident Nikolas Maduro bu barədə qəti qərarlar verib, xalqa lazım olan dərman və ərzaq Rusiyadan alınacaq", Rodriqes deyib.

PDVSA Venesuela büdcəsinin əsas gəlir mənbəyidir. Lakin ABŞ höküməti prezident Maduronun hərəkətləri ilə bağlı neft şirkətinə qarşı sanksiyalar tətbiq edib. ABŞ kəşfiyyat orqanları onun ən yaxın çevrəsinin narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak etdiyindən şübhələnir.

Venesuela dövlət neft şirkətinin ABŞ-dakı 7 milyard dollarlıq aktivləri dondurulub. Sanksiyalar qoyulduqdan sonra Venesuela Hindistan və Rusiyaya barter neft ixracını yaratmağa çalışır.

Bir çox ölkə tərəfindən Venesuelanın müvəqqəti prezidenti kimi tanınan ölkə müxalifətinin lideri Huan Quaydo dövlət neft şirkətinə öz nümayəndələrini təyin etsə də, Venesuelanın Ali məhkəməsi bu təyinatları qəbul etməyib.

XS
SM
MD
LG