Accessibility links

Məhəmməd Azadgər: Milli Hərəkat sola meyl etməsə dünya miqyasında uğurlu olmaz [Audio-Müsahibə]


Məhəmməd Azadgər

“'Traxtor'-la milli hərəkat olmaz. Bozqurd işarəti ilə milli hərəkat olmaz,” deyə Məhəmməd Azadgər Azərbaycan Milli Hərəkatında sol düşüncəsinə meylin olmamasını sərt tonda tənqid edir. Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) təşkilatının icra heyəti başqanı Amerikanın Səsinə müsahibədə güney təşkilatlarının fəaliyyətləri və yaşadıqları problemlər ilə bağlı öz fikirlərini səsləndirib.

Məhəmməd Azadgər İran hakimiyyətinin mahiyyətinə işarə edərək hazırda İran Azərbaycanı daxilində siyasi təşkilat şəklində fəaliyyət zəminin mövcud olmadığını, eyni zamanda ölkə xaricində də ürəyə yatan bir durum görmədiyini vurğulayır.

Xamneyi gəlir türk dilində mərsiyə oxuyur ya Şəhriyarın şeirini oxuyur, əhalini aldadır. Şiə olduğumuz üçün İslam Respublikasının ya Ettelaatın bizim içimizə sızması və istiqamətimizi dəyişdirməsi asandır...

“İçəridəki hakimiyyət faşist bir hakimiyyətdir və orada təşkilat fəaliyyətinin imkanı yoxdur. Yeni GAMOH təşkilatı çox çalışdı ki daxildə müəyyən fəaliyyətlər edə bilsin. Amma, onların bir çoxunu tutub həbsə aldılar... Xaricdə də vəziyyət çox ürəyə yatan deyil. Faydalı fəaliyyət olmayıb. Geniş yayılmayıb,” o söyləyir.

Azadgər İran Azərbaycanı əhalisinin əksəriyyətinin şiə olmasını milli hərəkatın üzləşdiyi çətinliklərin önəmli səbəblərindən biri kimi dəyərləndirir.

Siyasi fəalıən sözlərinə görə İran hakimiyyəti məharətlə Azərbaycan əhalisinin böyük kəsiminin rejimin ideoloji platformasının tərkib hissəsi olan şiə təriqətinə mənsub olmasından sui-istifadə edir. "Misal üçün Xamneyi gəlir türk dilində mərsiyə oxuyur ya Şəhriyarın şeirini oxuyur, əhalini aldadır. Şiə olduğumuz üçün İslam Respublikasının ya Ettelaatın (təhlükəsizlik qurumu) bizim içimizə sızması və istiqamətimizi dəyişdirməsi asandır. Kürdlərdə, Bəluçlarda bu belə asan deyil,” deyə siyasi fəal bəyan edir.

Bizimkilər çox sağa meyl edirlər. Məncə, milli hərəkatın sol cəhəti olmasa dünya miqyasında baş tutmaz.

Məhəmməd Azadgər milli hərəkatın sol düşüncəyə meyl etməməsini mənfi bir faktor olaraq dəyərləndirir.

“Olmaz ki sən milli hərəkat deyəsən amma işçilərin məsələlərini gündəmə gətirməyəsən. Həmkarlar ittifaqını himayə etməyəsən, əməkçi insanlara yaxın düşməyəsən. Deyəsən bəlkə qadınlar ya işçiləri müdafiə etsən, olarsan əcaib və qəribə... Bizimkilər çox sağa meyl edirlər. Məncə, milli hərəkatın sol cəhəti olmasa dünya miqyasında baş tutmaz,” o, əlavə edir.

XS
SM
MD
LG