Accessibility links

Maykl MakFol: Rusiya ilə münasibətlərdə nailiyyətlər var


Maykl MakFol: Rusiya ilə münasibətlərdə nailiyyətlər var
Maykl MakFol: Rusiya ilə münasibətlərdə nailiyyətlər var

Cəmiyyətlərarası münasibətlərə gəldikdə Maykl MakFol Amerikanın reytinqinin Rusiyada son illərdə xeyli artdığını önə çəkdi. ABŞ rəsmisinin sözlərinə görə Rusiyada ABŞ haqda müsbət fikirdə olan adamların sayı 41 faizdən 58 faizə yüksəlib.

Dekabrın 7-də Karnegi Beynəlxalq Sülh Fondunda ABŞ prezidenti Barak Obamanın xüsusi yardımçısı və Milli Təhlükəsizlik Şurasında Rusiya və Avrasiya üzrə direktor Maykl MakFol “ABŞ-ın Rusiya siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Nitqdə cənab MakFol Obama administrasiyası dönəmində Rusiya ilə münasibətlərdə əldə edilmiş nailiyyətlərdən və Vaşinqtonun “yeniləşdirmə” siyasətinin ümumi istiqamətlərindən söz açıb.

Amerikada Rusiya üzrə aparıcı mütəxəssis kimi tanınan Maykl MakFol son iki ildə ABŞ-Rusiya münasibətlərində əsaslı dəyişikliyin baş verdiyini qeyd etdi. Onun sözlərinə görə 2009-cu ildə Barak Obama prezidentlik vəzifəsini icra etməyə başlayanda münasibətlər xeyli gərgin idi. Rusiya-Gürcüstan müharibəsinin və Rusiyada güclənən avtoritarizmin fonunda Ağ Evlə Kreml arasında etimad demək olar ki, yox olmuşdu. Lakin ilk günlərdən prezident Obama Rusiya ilə münasibətlərdə birgə maraqların və ümumi dəyərlərin vurğulanmasına əhəmiyyət verdi. Obama administrasiyasının Rusiya ilə bağlı fəlsəfəsi bundan ibarət idi ki, rəsmi Moskvanın davranışında arzuedilən nəticələrə nail olmaq üçün Amerika bu ölkə ilə təmas siyasəti yürütməlidir. Eyni zamanda təmas siyasəti o demək deyil ki, Amerika öz dəyərlərini qurban verməlidir. “Biz müsbət şeylər görəndə onları alqışlayırıq, təqdir edirik. Lakin qeyri-liberal, anti-demokratik və insan haqlarının pozulmasına yönələn davranış müşahidə etdikdə biz bu haqda öz fikirlərimizi aydın etmişik.”

Cənab MakFol bildirdi ki, ötən iki il ərzində Amerika münasibətlərdə konkret nailiyyətlərin əldə olunmasına diqqət yetirərək hər iki tərəf üçün uduşla nəticələnəcək layihələr üzrə əməkdaşlıq etməyi qarşıya məqsəd qoyub. Təhlükəsizlik, terrora qarşı mübarizə, iqtisadi əməkdaşlıq və cəmiyyətlər arasında sıx təmasların qurulması tərəfdaşlığın başlıca sahələri kimi qeyd olundu. ABŞ prezidenti Barak Obama Rusiyaya səfəri zamanı sivil cəmiyyət və müxalifət nümayəndələri ilə görüşdü. Ölkələrarası əməkdaşlığı gücləndirmək üçün 18 müxtəlif sahələrdə komitələr təsis olundu. Kaliforniya qubernatoru Arnold Şvartsnegger özü ilə Rusiyaya internet texnologiyası üzrə ixtisaslaşan nəhəng şirkətlərin rəhbərlərini apardı.

Cəmiyyətlərarası münasibətlərə gəldikdə Maykl MakFol Amerikanın reytinqinin Rusiyada son illərdə xeyli artdığını önə çəkdi. ABŞ rəsmisinin sözlərinə görə Rusiyada ABŞ haqda müsbət fikirdə olan adamların sayı 41 faizdən 58 faizə yüksəlib. “Rusiyada bu sahədə əldə olunan rəqəmlər son illərin ən yüksək rəqəmləridir. Obama administrasiyası dönəmində Amerikanın xaricdə reytinqinin artıdğı bir nömrəli ölkə Rusiyadır,” deyə o, bildirdi.

Maykl MakFol bildirdi ki, Obama administrasiyası tərəfindən nümayiş etdirilən xoş məram öz bəhrəsini artıq verməkdədir. Belə ki, Rusiya ilə nüvə silahlarının azaldılmasına yönəlmiş START müqaviləsi imzalanıb. Rəsmi Moskva Əfqanıstana təchizat nəqlində Qərb müttəfiqlərinə lazımi yardım göstərir. Rusiya rəhbərliyi İrana S-300 markalı anti-hava raketlərinin satışını ləğv edərək İslam Respublikasına qarşı təzyiq kampaniyasına qoşulub. Habelə, Rusiyanın Qırğızıstan kimi sabiq Sovet respublikalarında nümayiş etdirdiyi sərt rəqabət hissi nisbətən səngiyib. Cənab MakFol ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə Senat START müqaviləsini ratifikasiya edəcək və ABŞ-Rusiya əməkdaşlığı genişlənməkdə davam edəcək.

XS
SM
MD
LG