Accessibility links

Media Hüququ İnstitutu yazıçıya qarşı “çirkli kampaniya”nı pisləyir


Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb
Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb

Qurum hakimiyyəti Əkrəm Əylislinin və ailə üzvlərinin təhlükəsizliyi üçün qanuni tədbirlər görməyə çağırır

Media Hüququ İnstitutu yazıçı Əkrəm Əylisliyə qarşı yaxşı təşkil olunmuş, siyasi kampaniyaya çevrilmiş hücumları qətiyyətlə pisləyir. Bunu ifadə azadlığı, özəlliklə bədii yaradıcılıq azadlığına ciddi qorxu yaradan zərərli kampaniya sayır. Bu barədə Media Hüququ İnstitutunun bəyanatında deyilir.

Sənəddə bildirilir ki, “Daş yuxular” romanına görə təqib olunan yazıçıya qarşı kirli aşağılama, gözdənsalma kampaniyası aparılır. Yazıçı hətta özünə və ailə üzvlərinə qarşı fiziki və mənəvi hücumlardan dərin narahatlığını ifadə edib.

“Təəssüf ki, belə basqılara hakimiyyətdə yüksək pillədə duran siyasilər böyük qatqı verirlər. Siyasi müstəqilliyi hər zaman müzakirə mövzusu olan televiziya şirkətləri də öz növbəsində tərəfsiz və balanslı xəbərləmə, əks tərəfə cavab vermə hüququ tanıma ilə bağlı media qanunvericiliyinin tələblərini pozaraq yazıçıya qarşı siyasi kompaniyada yaxından iştirak edirlər”, - sənəddə vurğulanır.

Bəyanatda təəssüflə qeyd olunur ki, yazıçıya və romana qarşı çıxan rəyləri həvəslə yayan televiziyalar əks fikirlərə yer ayırmır, tənqid hədəfinə çevirdikləri yazıçıya cavab hüququ vermirlər.

“Televiziya və radio yayımı haqqında” qanunun bu müddəalarının pozulmasına, diffamasiya və nifrət dolu çağırışlara baxmayaraq Milli Teleradio Şurası bu vəziyyəti sakitliklə seyr etməkdə davam edir”, -bəyanatda deyilir.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyib ki, hər hansı əsərdəki ifadələrlə bağlı hər kəsin rəyini bildirmək, onu qınamaq və ya bəyənmək haqqı var: “Bu hüquqdan yararlanma başqa şəxsin hüquqlarına və qanuni mənafelərinə zərər vurmamalı, eləcə də milli nifrət, ksenofobiya təbliğ etməməlidir”.

Media Hüququ İnstitutu yazıçıya qarşı bu çirkin kampaniyanı dayandırmağa, onun və ailə üzvlərinin təhlükəsizliyi üçün qanuni tədbirlər görməyə çağırır.
XS
SM
MD
LG