Accessibility links

Traktor komandasının tərəfdarı Təbriz məhkəməsinə çağırılıb


“Traktor Azərbaycan” komandasının azarkeşi Məhəmməd İbrahim Cövdət Təbrizin Xosrovşah bölgəsinin ümumi məhkəməsinə çağırılıb.

HRA agentliyin bildirdiyinə görə, “türk fəal keçən cümə günü Təbriz hava limanında İran ‘həzfi’ kubokunun qalibi olan Traktor komandasını salamlama mərasiminə qatıldığı zaman nəzarət altına alınıb, bir neçə saat sonra sərbəst buraxılıb.”

Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsində yazılanlara əsasən, məhkəmə Cövdəti “toplaşma, iğtişaş və İslam Respublikası nizamına qarşı təbliğat” ittihamı ilə günahlandırır. Məhəmməd İbrahim Cövdətdən beş gün ərzində məhkəməyə müraciət etməsi tələb edilib.

Təbrizin Traktor komandası sentyabrın 3-də Məşhəd şəhərində keçirilən İranın ‘həzfi’ kubukonun final oyununda Tehranın İstiqlal komandasını 3-2 hesabı ilə məğlub edərək İran milli kobukonun qalibi oldu.

Traktor komandasının qalibiyyətindən sonra İranın Azərbaycanının bəzi bölgələrində təşkil olunan şənlik mərasimlərində bir neçə azarkeşin saxlanıldığına dair xəbərlər yayılıb.

İran Azərbaycanından əlavə İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktor klubu ölkədə türk kimliyinin simvolu kimi dəyərləndirilir. Klubun Türkiyə və Azərbaycan Respublikasında da xeyli azarkeşi var. Traktor komandası Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

XS
SM
MD
LG