Accessibility links

Məhəmməd Rəhmanifər: Milli Hərəkatımızın gündəmində olan bir çox məsələ 1945-də Milli Hökumətin də gündəmində idi


Məhəmməd Rəhmanifər
Məhəmməd Rəhmanifər

Amerikanın Səsinə danışan yazar və siyasi fəal Məhəmməd Rəhmanifərin sözlərinə görə, 1945-46-ci illərdə Seyyid Cəfər Pişəvəri öndərliyində qurulan Azərbaycan Milli Hökumətinin proqram və siyasətləri bu gün İran Azərbaycanında cərəyan edən milli mücadiləyə işıq tutur.

Məhəmməd Rəhmanifər: Milli Hərəkatımızın gündəmində olan bir çox məsələ 1945-də Milli Hökumətin də gündəmində idi
please wait

No media source currently available

0:00 0:15:57 0:00

“Azərbaycan Milli Hökuməti 1945-46-ci illərdə yaşanmış olan sadəcə bir illik bir hökumət deyil. Onun tarixi köklərini tanımaq üçün ən azı Məşrutə İnqilabı dönəminə qədər getməliyik. Eyni şəkildə hökumət 1946-cı ildə devrildikdən sonra, bu düşüncə birdən-birə aradan getmədi. Milli hökumət bir dövlətçilik təcrübəsi kimi insanlarımızın zehnində yaşamağa davam edir,” Rəhmanifər söyləyir.

Milli Hökumətin tarixi köklərini tanımaq üçün ən azı Məşrutə İnqilabı dönəminə qədər getməliyik. Eyni şəkildə hökumət 1946-cı ildə devrildikdən sonra, bu düşüncə birdən-birə aradan getmədi.

O, keçən iyul ayında Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən aksiyada səsləndirilən “azadlıq, ədalət, milli hökumət” şüarına diqqət çəkərək deyir ki, “bu, millətimizin kollektiv şüurundan çıxan bir şüar idi. Bu, onu göstərir ki, Azərbaycan Milli Hökuməti 75 il bundan öncə yıxılsa da, hələ insanların zehnində yaşamaqdadır və bizim gələcəyimizə planlaşdırdığımız o layihələrdə öz yerini tutur.”

Rəhmanifər Milli Hökumətin İran Azərbaycanında bir nostalji olaraq deyil, bir milli şüur əlaməti kimi yad edildiyini ifadə edir:

“Milli Hökumətin çox yad edilməsinə mən nostalji adı verə bilmirəm, daha doğrusu milli şüurdan yaranmış bir baxış açısıdır. Yəni ki, əgər o hökumət davam etsəydi, əgər bu gün bizim bir milli hökumətimiz olsaydı, nə Urmiyə Gölü bu duruma düşərdi, nə bizim işçilərimizin durumu belə olardı, nə də ana dilimizin durumu. Eyni şəkildə bir çox başqa məsələmiz. Mən demirəm heç bir problem ya çətinliyimiz olmazdı. Dünyada bu qədər öz milli hökumətlərinə sahib olan millətlərin heç bir çətinliyi yoxdurmu? Amma, bir millətin çətinliklərinin olması ilə bir millətin məhv olma təhlükəsində olması arasında çox fərq var.”

Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.
Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.

Məhəmməd Rəhmanifərin sözlərinə görə, bu gün İran Azərbaycanında cərəyan edən milli hərəkatın diqqət yetirdiyi bir çox məsələ 1945-46-cı illərdə milli hökumətin də diqqət mərkəzində olub.

O, deyir ki, “sənədlər var ki, İranda digər bölgələrdən fəallar Pişəvəridən istəyirdilər ki, sadəcə bu ana dili məsələsini, yəni türkcəni qırağa qoysalar, bu hərəkatı İran başqa bölgələrindən də dəstəkləyənlər olacaqdır. Amma, Pişəvəri və Azərbaycan Milli Hökuməti bundan vaz keçmədi. Bu gün də eyni məsələni görürük. Bəzən tənqid edilirik ki, niyə bu qədər ana dili məsələsinə əhəmiyyət veririk. Sadəcə ana dili məsələsi deyil, qadın məsələsi, çevrə məsələsi, işçilərin məsələsi, bunları 1945-də qurulan Milli Hökumətdə görürük.”

XS
SM
MD
LG